Suraxanı rayonu Hövsan qəsəbəsində maarifləndirmə və dezinfeksiya işləri davam edir
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Suraxanı rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün sakinlər arasında davamlı maarifləndirmə işləri aparılır.
3 aprel 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Hövsan qəsəbəsində məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum kontaktda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə edib.
Məlumat üçün bildirək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəlikərinin, bələdiyyələrin, habelə digər qurumların nümayəndələrindən ibarət 2-3 nəfərlik mobil qruplar yaradılıb. Bu qruplar mütəmadi rayonun hər yerində davamlı maarifləndirmə işləri aparırlar.
Rayonda genişmiqyaslı dezinfeksiya işləri davam edir. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə küçə və məhəllədaxili yollar yuyularaq dezinfeksiya edilir. Yaşayış binalarının ətrafında, girişlərində, liftlərdə, pilləkan qəfəslərində, həyətlərdə, qeyri-yaşayış obyektlərində, parklarda və istirahət məkanlarında dezinfeksiya işləri hər gün həyata keçirilir.