Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir

19 mart 2014 | 16:00

İnsanları baharın gəlişi, təbiətin oyanışı, həyatın canlanması, saf ruh, xoş ovqatla müjdələyən Novruz bayramı münasibəti ilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 18 mart 2014-cü il tarixdə Suraxanı rayonu “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğunun qarşısındakı meydanda ümumrayon şənliyi keçirilmişdir. Bayram tədbirində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, rayondan Milli Məclisə seçilmiş deputatlar, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, 2 mindən yuxarı rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Bayram münasibətilə “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğunda böyük mərasim təşkil olunmuşdu. “Atəşgah Məbədi”nin qarşısındakı meydan baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü. Meydanın ortasına böyük səməni yerləşdirilmişdi.
Bahar qız, Keçəl, Kosa şənliyə gələnlərə el adətincə səməni və xonça təqdim edir, bayram münasibəti ilə təbrik edir, məzəli söhbətləri ilə onlara bayram əhval-ruhiyyəsi bəxş edirdilər.
Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs edirdilər. Rayonun mədəniyyət saraylarının və mədəniyyət evlərinin, musiqi məktəblərinin incəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılır, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğururdu.
El ağsaqqalı Dədə Qorqud “Atəşgah Məbədi”ndən götürdüyü odla bayram tonqalını alovlandıraraq xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etdi. Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi və ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə uğurlar arzuladı.
Bayram konsertinin aparıcıları öz çıxışlarında qeyd etdilər ki, xalqımız doğma Azərbaycanımızın hər yerində qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşılayır. Novruz öz çal-çağırı, qədim mərasimləri, gur tonqalları ilə yüz illərdir ki, xalqımızın sevinc, şadlıq mənbəyi, gün-güzaranının yaraşığı olmuş, tariximizin müxtəlif dövrlərində təzyiqlərə məruz qalsa da, bu günümüzə qədər gəlib çatmış, dövlət səviyyəsində qeyd olunan bayramlar sırasına daxil olmuşdur.
Tədbirdə xüsusi vurğulandı ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli–mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşmış, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərmişdir. Xalqımız bugünkü Novruzu da böyük ruh yüksəkliyi ilə bayram edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, suveren Azərbaycanımız dünya birliyinə inamla inteqrasiya edir, iqtisadiyyatımız durmadan inkişaf edir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xalqın milli varlığını özündə yaşadan hər bir maddi-mənəvi və intellektual  irsə böyük həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində çox böyük işlər görür. Qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olmuş və ildən-ilə daha təntənəli qeyd edilən Novruz bayramı Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 30 sentyabr 2009-cu il tarixdə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu il tarixdə isə BMT-nin baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Bayram şənliyində incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər, "Kosa, Keçəl və Bahar qız" tamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar, kəndirbazlar öz məharətlərini göstərirdilər. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər. Bu əziz bayramı Suraxanı sakinləri böyük sevinc və fərəhlə qeyd etdirlər.
Bayram tədbirləri rayonda davam edir. Belə ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 19-21 mart tarixlərində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi”ndə, Əqli cəhətdən qüsurlu uşaqlar üçün 7 saylı İnternat məktəbində, 2 saylı Uşaq evində, qəsəbələrdə bayram şənlikləri keçiriləcəkdir.

Keçidlər