Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla davam edir

14 mart 2014 | 16:00

Bakı, 13 mart (AzərTAc, Əziz Məmmədov). Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən başlayaraq ölkəmizdə əhalinin dispanserləşdirilməsi aksiyası keçirilir. Bu aksiyaya Suraxanı rayonu da qoşulmuşdur.
Rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etmişdir ki, əhalinin profilaktik tibbi müayinəsinin keçirilməsi ilə əlaqədar Suraxanı rayon icra hakimiyyəti başçısının 10 fevral 2014-cü il tarixli sərəncamı ilə vətəndaşlar arasında tibbi müayinənin ən yüksək səviyyədə və operativ təşkil edilməsi üçün müvafiq qurumların nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Rayondakı dörd xəstəxana, dörd poliklinika və bir ambulator mərkəzdə xüsusi qrafiklər tərtib edilmişdir. Rayona daxil olan yaşayış məntəqələrinin sakinləri arasında təşkilati-izahat işi aparılmışdır. Bundan əlavə, müəssisə və təşkilatların işçilərinin iş yerlərində, habelə yataq xəstələrinin evdə müayinə edilməsi üçün səyyar həkim briqadaları yaradılmışdır. Fevralın 17-dən keçən müddətdə rayonun 55 mindən çox sakini və 80 kollektivin üzvləri tibbi müayinədən keçmişlər. 1487 sakində müxtəlif xəstəliklər aşkar edilmiş, 102 nəfər stasionar müalicəyə göndərilmişdir.
23 nömrəli şəhər poliklinikasının baş həkimi Şəhrəbanı Yusifzadə bildirmişdir ki, rəhbərlik etdiyi müəssisə 2013-cü ildə Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunmuş və ən müasir tibbi avadanlıqla təchiz edilmişdir. Fevralın 17-dən bəri bu poliklinikada rayonun 7024 sakini müayinədən keçmişdir. 159 sakində müxtəlif xəstəliklər aşkar olunmuş, 49 nəfər stasionar müalicəyə göndərilmişdir. Bu müddətdə 293 nəfər rentgen, 609 nəfər laboratoriya, 419 nəfər ultrasəs müayinəsindən keçmiş, 224 vətəndaş elektrokardioqraf vasitəsilə müayinə olunmuşdur. Ş.Yusifzadə onu da qeyd etmişdir ki, poliklinikada səyyar həkim briqadası yaradılmışdır. Bu briqada xüsusi qrafik üzrə müəssisə və təşkilatlarda müayinələr aparır, ahıl şəxslərə və yataq xəstələrinə onların evlərində xidmət edir. Xəstəlik aşkar edildikdə müvafiq müalicə kursları təyin olunur.
Bu yolla müayinə olunmuş Hacəli Rəhmanov, Rəhimə Quliyeva və digər sakinlər dövlət başçısının bu nəcib təşəbbüsünü dərin minnətdarlıqla qarşılamışlar. Onlar poliklinika personalının işindən, burada yaradılmış şəraitdən çox razı olduqlarını bildirmişlər.

                                                                                                                                                                                                                                                                               AzərTAc

Keçidlər