Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı tədbir keçirilib

13 mart 2014 | 16:00

12 mart 2014-cü il tarixində Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Ailə, Qadın və  Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində   “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı maarifləndirici layihə  çərçivəsində tədbir keçirilib.  Tədbirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova, ziyalılar, fəal gənclər və digər qonaqlar iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə rayon məktəblilərinin hazırladıqları “Ailə uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə tanış olmuşlar. Daha sonra Mərkəzin Elektron lektoriya zalında davam etdirilən tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etmişdir ki, hər bir xalqın inkişafında öz dövlətçiliyini, milli mənəvi dəyərlərini qoruyub saxlamasında ailə institutunun mühüm əhəmiyyəti vardır. Ümumbəşəri sivilizasiyanın minilliklərlə ölçülən mövcudluq salnaməsi sübuta yetirmişdir ki, hər hansı milləti kölə vəziyyətinə salmaq, keçmişindən, soy-kökündən ayırmaq üçün ona öz tarixini, milli ənənə və dəyərlərini unutdurmaq yetərlidir.
Yalnız böyük şəxsiyyətlər yetişdirən xalqlar qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi keyfiyyətlərini, mental xüsusiyyətlərini hər bir ictimai-iqtisadi formasiyada hifz edərək mütərəqqi yolla irəliləyir, milli özünəməxsusluqlarını qoruyub saxlayırlar. Azərbaycan öz milli-mənəvi dəyərlərinə, milli kimliyinə, tarixinə, mədəniyyətinə və ən əsası ailə dəyərlərinə sahib olan qədim və əlbəttə, müasir dünyəvi dövlətdir.  Ölkəmizdə tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafında mühüm rol oynamışdır. Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin böyük himayədarı kimi çıxış etmişdir. Sevinc Hüseynova qeyd etmişdir ki, xalqına, onun tarixinə, adət-ənənələrinə, saf və ülvi dəyərlərinə qəlbən bağlı olan Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkədə genişmiqyaslı abadlıq-quruculuq işləri aparmaqla yanaşı eyni zamanda daim milli və bəşəri ideyaların, zəngin mənəvi-estetik irsin boyük hamisi kimi çıxış edir. “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır" - deyən dövlətimizin başçısı cənab İlham Əliyev ailə dəyərlərinə qəlbən bağlı Lider olaraq Azərbaycanda bu institutun möhkəmlənməsini, problemlərinin həllini həyata keçirməkdədir. Natiq xüsusi vurğulamışdır ki, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti xalqımıza xas mütərəqqi dəyər və ideyaların ictimai şüurda möhkəmlənməsinə yönəlmişdir.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbirdə çıxış edərək bildirdi ki, dövlət ailə siyasətinin dəstəklənməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub  saxlanılaraq gələcək nəsillərə ötürülməsi, yaşlılara hörmət, kiçiklərə qayğı kimi ənənələri davam etdirilməsi məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir. Bu tədbirlərin davamı olaraq,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı genişmiqyaslı maarifləndirmə  layihəsi həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova öz çıxışında xüsusi vurğulamışdır ki, ölkəmizdə ailə məsələlərinə xüsisi önəm verilir. Qarşımızda duran əsas məsələ gənclərdə özünü müdafiə, sosial instinktin formalaşmasıdır ki, bu istiqamətdə də alimlərimizin, ziyalılarımızın, ağsaqallarımızın, ağbirçəklərimizin üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda gənclər, yeniyetmələr arasında milli-mənəvi dəyərlərin təbliğ və tərənnüm olunması işində  ümumtəhsil müəssisələri və  müəllimlərimiz də fəal rol oynamalıdırlar. Maarifləndirici söhbətlər  vasitəsi ilə   ailə  dəyərlərini  möhkəmləndirməyin mümkünlüyünü  Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Layihənin yaşlı nəsil ilə gənc nəsil arasında dialoq funksiyası daşıdığını qeyd edən natiq yaşlı nəsilin xalqın ən yaxşı adət ənənələrinin saxlayıcısı, daşıyıcısı və gələcək nəslə ötürücüsü olduğunu xususi qeyd etmişdir.
Daha sonra Suraxanı rayonu Ağbirçəklər şurasının sədri Səfiyyə Məmmədova, 3 nömrəli Doğum evinin baş həkimi Nəzakət Həsənova, Rayon Ağsaqqallar şurasının üzvü Mirzəağa Quliyev, 226 nömrəli tam orta məktəbin müəllimi Təranə Cəbiyeva, 208 nömrəli tam orta məktəbin müəllimi Xatirə Cananova çıxış etmişlər. Tədbir iştirakçıları mövzu ətrafında müzakirələr apararaq öz fikir və təkliflərini səsləndiriblər və layihənin  aktuallığı və əhəmiyyəti  barədə fikirlərini bildiriblər. Tədbirdə maraqlı təkliflər səslənmiş və fikir mübadiləsi aparılmışdır.
Sonra Mərkəzin Multimedia studiyasında hazırlanmış “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı film nümayiş olunmuşdur. Filmdə yaşlı nəslin nümayəndələrinin gənc ailələrə örnək olan həyat səhifələri vərəqlənmiş və nəsihətləri dinlənilmişdir.

Keçidlər