Suraxanı rayonunda 2013-cü ilə yekun vurulmuşdur
27 fevral 2014-cü il tarixdə Rayon İcra Hakimiyyətinin Akt zalında “Suraxanı rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, Heydər Əliyev parkının “Bayraq meydanı”nda həmişəyaşıl ağaclar əkmiş, “Gözəl şəhər: Bakı Riqalıların gözü ilə” adlı foto sərgiyə baxmışlar.
Daha sonra tədbir iştirakçıları RİH-in Rəsm qalareyasında ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxmış, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olmuşlar.
Tədbir iştirakçılarına “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Suraxanı rayonunda icra vəziyyəti barədə kitabça və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti barədə kataloq təqdim edilmişdir.
RİH-in Akt zalında keçirilən hesabat yığıncağında rayonda aparılmış abadlıq-quruculuq işləri haqqında film və slaydlar göstərildikdən sonra hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məlumat vermişdir ki, 2013-cü ildə rayonda sənaye məhsulunun istehsalı 353,6 milyon, tikinti-quraşdırma işləri 224,3 milyon, nəqliyyat xidmətləri 20,3 milyon, əsas kapitala yönəldilən investisiyalar 168,7 milyon, kənd təsərrüfatı 3,7 milyon manat, orta aylıq əmək haqqı 575,3 manat olmuş, daimi olmaqla 2380 yeni iş yeri açılmış, 4 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
Bu dövr ərzində 154,6 min p.m. yeni qaz, 116,8 min p.m yeni su, 4,9 min p.m yeni kanalizasiya xətləri çəkilmiş, 33 KTM quraşdırılmış, 47,6 min p.m. kabel xətti, 41,2 min p.m. naqil çəkilmiş, 4 istilik qazanxanasının tikintisi başa çatdırılmış, 2 istilik məntəqəsi modernləşdirilərək qazanxanaya çevrilmişdir.
İl ərzində rayonda 501,0 min kv.m. asfalt örtüyü salınmış, Bülbülə və Əmircan qəsəbələri ərazisində 57,0 mindən çox əhalinin istifadə etdiyi ümumi uzunluğu 18,11 km., sahəsi 118,13 min kv.m olan qəsəbədaxili yollar asfaltlanmışdır.
2013-cü il ərzində 2 saylı Bərpa Xəstəxanasının köhnə binasının yerində yeni xəstəxana binası, 3 məktəbdə 1300 şagird yerlik əlavə tədris korpusları tikilmiş, 2 saylı uşaq evi, 2 xəstəxana, 2 poliklinika, 4 məktəb, 7 uşaq bağçası əsaslı təmir edilmiş, “Rayon Gənclər evi”nin, 84 saylı orta məktəbin yerində 960 şagirdlik yeni məktəb binasının, 104 saylı orta məktəb üçün 600 şagird yerlik əlavə tədris korpusunun, şahmat məktəbinin tikintisi, 2 uşaq bağçasında əsaslı təmir işləri davam etdirilmişdir.
“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda bərpa və yenidənqurma işləri aparılmış, qoruqətrafı ərazilərdə, Atamoğlan Rzayev, Səttar Bəhlulzadə, Vladimir Balandin küçələrində genişmiqyaslı abadlıq işlərinə başlanılmışdır.
Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsində yerləşən və sahəsi 15,5 min kv.m. olan park yenidən qurulmuş qəsəbə sakinlərinin istirahəti üçün əlverişli şərait yaradılmışdır.
Zığ qəsəbəsində qəza nəticəsində yararsız vəziyyətə düşmüş yaşayış binası sökülmüş, əvəzinə yeni 5 mərtəbəli, 2 girişli, 25 mənzilli yaşayış binası tikilmiş və sakinlər tam şəraitli evlərə köçürülmüşlər. Hövsan qəsəbəsində Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Əmircan qəsəbəsində isə FHN-nin əməkdaşları üçün iki 12 mərtəbəli hər biri 72 mənzilli yaşayış binası istifadəyə verilmişdir.
Hesabat dövründə “Abad həyət” layihəsi çərçivəsində rayonun qəsəbələrində müasir standartlara uyğun 9 məhəllə abadlaşdırılmış, kompleks şəkildə yenidən qurulan həyətlərdə yaşıllıq örtüyü salınmış və sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Sahibkarlığa Kömək Milli Fondu və RİH-in birgə təşkilatçılığı, 320 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur və Yeni Suraxanı qəsəbələrində iki kredit yarmarkası keçirilmiş, Suraxanı rayonundan olan 20 sahibkara 235,0 min manat məbləğində güzəştli şərtlərlə kreditlər verilmişdir.
Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, ARDNŞ və iri özəl neftqazçıxarma müəssisələri tərəfindən neftlə çirklənmiş torpaqlarda görülmüş işlər nəticəsində sahəsi 7,2 ha olan müxtəlif ölçülü 96 gölməçə qurudulmuş, ərazilərdə 3900 ağac və kol əkilmişdir.
Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilmiş, bu günə kimi Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 45000-dən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən bu günə qədər 12,0 mindən artıq istifadəçi faydalanmış, Mərkəzdə 120-dən çox ümumrayon tədbiri keçirilmişdir.
Ötən tədris ilində Suraxanı rayonu ərazisində fəaliyyət göstərən təhsil işçiləri bir sıra nailiyyətlər qazanmışlar. Suraxanı rayonu üzrə 2012-2013-cü tədris ilində 1899 məzun tam orta təhsil haqqında attestat almış, onlardan 1631 məzun ali məktəblərə sənəd vermiş və 992 məzun, yəni imtahanda iştirak edənlərin 60,8 faizi tələbə adını qazanmış, keçən ilə nisbətən imtahan verənlərin sayı 13% artmışdır.
2012-2013-cü tədris ilində 4 məzun orta məktəbi qızıl medalla bitirmiş, abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplamış, 5 tələbə Prezident təqaüdçüsü adına layiq görülmüşdür.
Respublika üzrə keçirilən “Şahin” hərbi-idman yarışında 76 nömrəli məktəb üçüncü yeri, “Cəsurlar” hərbi-idman və turizm yarışlarında isə 285 nömrəli məktəb ikinci yeri tutmuşdur.
2013-cü ildə Dövlət gənclər siyasəti çərçivəsində rayonda 74 tədbir keçirilmiş, 13290 nəfər uşaq, yeniyetmə və gənc iştirak etmiş, Dövlət idman siyasəti çərçivəsində 71 tədbir keçirilmiş, 14212 nəfər uşaq, yeniyetmə və gənc iştirak etmiş, idmanla məşğul olan gənclərin sayı 9156 nəfər olmuşdur.
Vətəndaşların rifah halının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi işi daim rayonun dövlət orqanlarının diqqət mərkəzindədir. Ötən dövr ərzində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılmış, onların problemlərinin həllinə hərtərəfli köməklik göstərilmişdir. 2013-cü ildə 2806 nəfərin iştirakı ilə 41 səyyar görüş-qəbul keçirilmiş, RİH-də yaradılmış Operativ İdarəetmə Mərkəzindən RİHB-nin qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində sakinlərlə (110 nəfər) canlı video-görüş təşkil edilmişdir. 2013-cü ildə RİHB tərəfindən 1397 nəfər vətəndaş, ümumiyyətlə isə RİH-də 3178 nəfər vətəndaş qəbul edilmişdir.
2013-cü ildə müntəzəm yeniləşən www.surakhani-ih.gov.az internet saytı, mail@ surakhani-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına əsasən yaradılmış Rayon İcra Hakimiyyətinin Operativ İdarəetmə Mərkəzinin imkanlarından istifadə edilərək hesabat yığıcağında iştirak etmək arzusunda olan, amma müxtəlif səbəbdən gələ bilməyən rayon sakinlər canlı video bağlantı ilə tədbiri izləmiş, sakinlər onları narahat edən məsələləri rayon rəhbərliyinə on-layn rejimində çatdırmışlar.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məslisin deputatı Fərəc Quliyev, iri müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri çıxış etdilər.
Hesabat yığıcağında Milli Məclisin deputları Sevinc Fətəliyeva və Ağacan Abıyev iştirak etmişdir.
Rayonun sosial-iqtisadi, ictimai həyatında fəal iştirak edən şəxslərə və təşkilatlara Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və xatirə hədiyyələri təqdim olundu.
Hesabat yığıncağını yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinləri və əmək kollektivləri adından Suraxanı rayonuna daim diqqət və qayğı göstərdiyinə görə, böyük qətiyyətlə ölkəmizi irəliyə aparan Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi və əmin etdi ki, həmişə olduğu kimi cənab Prezudentin ətrafında sıx birləşərək, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcək, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar irsinə sadiq qalacaqlar.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olundu.