Suraxanıda Xocalı soyqırımının 28-ci ildönümü geniş qeyd edilib
Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə bağlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisələrində silsilə tədbirlər keçirilib.
Rayon İcra Hakimiyyətinin və 327 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş ümumrayon tədbirinin iştirakçıları rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB yanında Şuranın üzvləri, YAP Suraxanı rayon təşkilatının fəalları, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalıları, rayonda məskunlaşan xocalılar əvvəlcə Xocalı faciəsinə həsr olunmuş “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı sərgi ilə tanış olublar.
Məktəbin akt zalında keçirilən tədbirdə Dövlət himni səsləndirildikdən sonra Xocalı soyqırımının, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd edib ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Xalqımız bu böyük faciəni, insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olan Xocalı soyqırımını dərin hüznlə yad edir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı ermənilərin Azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifələrindən biridir. Xocalı soyqırımı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc əhaliyə qarşı törədilmiş kütləvi qətllərin miqyasca ən dəhşətlisidir.
Dünyanın aparıcı kütləvi informasiya vasitələri, tanınmış hüquq müdafiəçiləri, ekspertləri, ictimai-siyasi xadimləri Xocalıda törədilən vəhşiliklərə biganə qalmamışlar. “Times”, “İzvestiya”, “Sunday Times”, “Financial Times”, “La Mond” qəzetləri, digər dünya şöhrətli mətbu orqanlar Xocalı qətliamından bəhs edən məqalələr dərc edərək, bu qətliamı bəşəri cinayət adlandırmışdır.
Xocalı soyqırımı zamanı yol verilmiş bu kimi zorakılıq əməllərinin əvvəlcədən düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq genosid hesab edilir. İnsanlığa qarşı bu cinayəti törədənlər gec-tez öz layiqli cəzalarını almalıdırlar.
Əziz Əzizov bildirib ki, o dövrdə rəhbərlikdə olan insanların dövlət idarəçiliyi səviyyələri çox aşağı idi. Onlar üzərlərinə düşən vəzifə məsuliyyətinin nə demək olduğunu anlamırdılar. Xocalı faciəsi baş verdikdən sonra da, faciəsinin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımınca qiymətləndirilmədi. Bu faciəyə siyasi qiymət vermək yalnız Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. İlk növbədə, Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, bu faciənin dünyaya tanıdılması istiqamətində xeyli işlər görülmüşdür. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı (genosidi) günü haqqında" xüsusi qərar qəbul etdi, hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı.
Bu gün Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyini dəfələrlə vurğulayıb.
Rayon rəhbəri vurğulayıb ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Mehriban xanımın gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.
Hazırda respublikamızın 51 rayonunda məskunlaşan xocalıların müvafiq sosial yardım proqramlarına cəlb olunması, imtiyazlı şəxslərin müavinət və təqaüdlərinin vaxtlı-vaxtında verilməsi, ali məktəblərə ödənişli əsaslarla qəbul olunanların təhsil haqqından azad edilməsi dövlətimizin diqqət mərkəzindədir. Bununla yanaşı, onların həyat və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyev tərəfindən mühüm addımlar atılır.
Tədbirdə rayonda məskunlaşmış Xocalı şəhər sakini, soyqırım nəticəsində yaxınlarını itirmiş Xəlil Vəliyev çıxış edib.
327 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
Rayonda məskunlaşmış Xocalı ailələrinə humanitar yardım göstərilib.