Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda tədbir keçirilib

20 yanvar 2020 | 16:00

“20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 18.12.2019-cu il tarixli 161 №-li və “20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24.12.2019-cu il tarixli 408 №-li sərəncamlarının icrasının təmin edilməsi, həmçinin Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin yad edilməsi  məqsədi ilə  Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 30.12. 2019-cu il tarixli 226 №-li sərəncamı ilə “20 yanvar faciəsinin otuzuncu ildönümünün Suraxanı rayonunda keçirilməsi ilə bağlı tədbirlər planı”  təsdiq edilmişdir.
Tədbirlər planına uyğun  olaraq rayonun bütün qəsəbələrində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı ərazilərdə abadlıq və təmizlik işləri aparılır.
“Şəhidlər xiyabanı”, rayondakı şəhid məzarları və onların xatirəsinə ucaldılmış abidələr rayon ictimaiyyəti tərəfindən ziyarət olunur.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində  xatirə anım mərasimləri keçirilib, məktəblilər arasında inşa yazı, şeir və rəsm müsabiqələri təşkil edilib.
20 yanvar tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinnin Elektron lektoriya zalında "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda tədbir keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin, 20 yanvar faciəsi şəhidlərinin, Azərbaycanın azadlığı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü  uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür.
Rayon rəhbəri qeyd etmişdir ki, dəhşətli faciəyə ilk olaraq kəskin etirazını bildirən, 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirən Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev olmuşdur. Hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında Ulu Öndərin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verilmişdir.
1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edilmişdir. Beləliklə, Ulu Öndərin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verilmişdir.
Bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondu Prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin, əlillərin, veteranların problemlərinə böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında həyata keçirdiyi layihələrin müstəsna əhəmiyyəti var.
Tədbirdə “20 Yanvar” cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Bəxtiyar Ağayev, şəhid İbiş Məmmədovun anası Zərri Babayeva, şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı, “Azərbaycan Qadın və İnkişaf Mərkəzi”nin Suraxanı Rayon bölməsinin sədri Şövkət Xanməmmədova, Azərbaycan Vətən müharibəsi İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, şəhid Faiq Əlizadənin həyat yoldaşı Kəmalə Əlizadə çıxış edib.
Tədbir bu sözlərlə yekunlaşıb: 20 Yanvar - bizim qan yaddaşımız, müstəqillik mübarizəmizin qanlı və qalib çıxdığımız savaşıdır. Bizim Vətən qarşısında, şəhidlər qarşısında müqəddəs borcumuz onları hər il, dönə-dönə xatırlamaq, qanları ilə yazdıqları azadlıq salnaməsini bizdən sonra gələn nəsillərə tam, olduğu kimi ötürməkdir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə və əlillərinə humanitar yardım göstərilmişdir.
Sonra tədbir iştirakçıları “Şəhidlər xiyabanı”nı ziyarət ediblər.

Keçidlər