Suraxanıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il təntənəli qeyd edildi
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dekabrın 30-da rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvlərinin, rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, rayon ziyalıları və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik etdi, bu əlamətdar günün əhəmiyyətindən, Dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən, o cümlədən ölkəmizin əldə etdiyi uğurlardan söz açdı. Bildirdi ki, hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu əlamətdar günün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə geniş imkanlar yaradıb. Ulu Öndər Heydər Əliyevin xalqımızın birliyi və həmrəyliyinə yönəlmiş ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gündən-günə daha geniş vüsət alır.
Bayram tədbirində Milli Məclisinin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva, “Suraxanı Maşınqayırma Zavodu” TASC İdarə Heyətinin sədri, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, “Azərbaycan Qadın və İnkişaf Mərkəzi”nin Suraxanı Rayon bölməsinin sədri, şəhid ailəsi Şövkət Xanməmmədova, şəhid anası Saray Quliyeva, Milli Qəhrəman Tahir Bağırovun həyat yoldaşı Leyla Bağırova, Beynəlxalq dərəcəli hakim, “Qızıl fit” sahibi Hicran Şərifov, 232 nömrəli məktəbin direktoru Məhluqə Əzizova, 23 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sənan Əliyev öz ürək sözlərini söylədilər, dövlət başçısı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbriklərini çatdırdılar.
Bayram tədbirində Ağalar Bayramov ifasında şerlər səsləndirildi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyətinin, rayonun mədəniyyət kollektivlərinin təqdimatında bədii hissə təqdim olundu.