Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz Əzizov Zığ sakinləri ilə görüşdü

19 dekabr 2019 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Zığ qəsəbəsində keçirtdi. Zığ mədəniyyət evində keçirilən səyyar görüş-qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, RİHB-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Zığ bələdiyyəsinin, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, 150 nəfərdən çox sakin və ictimaiyyət nümayəndəsi iştirak edirdi.
Əziz Əzizov səyyar görüş-qəbulda sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək dövlət başçısının bu istiqamətdə həyata keçirtdiyi tədbirlərin davam etdirildiyini bildirdi.
Rayon rəhbəri sakinlərin diqqətinə çatdırdı ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramlarına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri gedir. Yeni Suraxanı qəsəbəsində bütün küçələr asfaltlanır, ehtiyac olan yerlərdə kanalizasiya və su şəbəkələri yenidən qurulur. Mərhələli şəkildə rayonun bütün qəsəbələrində daxili yolların əsaslı təmir edilərək asfaltlanması, mövcud olmayan yerlərdə kanalizasiya və su şəbəkələrinin qurulması nəzərdə tutulmuşdur. Əmircan qəsəbəsində təxminən 3 kilometr uzunluğunda olan Balandin, Park, Elxan Həsənov, Malik Mustafayev və Atamoğlan Rzayev küçələri yenidən qurulur. Çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənir, dam örtükləri dəyişdirilir, liftləri yenilənir, abad həyətlər salınır, qurumuş ağaclar kəsilir. Həyata keçirilən bu işlər sakinlərin rahatlığının təmin edilməsinə xidmət edir.
Sakinlər rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciət etdilər.
Rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi, qəsəbə sakinlərinin istirahəti üçün parkın salınması, su və kanalizasiya şəbəkələrinin qurulması, qəsəbədaxili küçələrə asfalt örtüyünün vurulması ilə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində aparılacaq işləri onların diqqətinə çatdırdı.
Səyyar görüş-qəbuldan sonra Əziz Əzizov bir qrup vətəndaşın qaldırdıqları problemlərlə yerində tanış oldu.

 

Keçidlər