Əziz Əzizov Qaraçuxur sakinləri ilə görüşdü
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinlərlə növbəti görüşünü Qaraçuxur qəsəbəsində keçirtdi. 104 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar görüş-qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Qaraçuxur bələdiyyəsinin, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, 200 nəfərə yaxın sakin və ictimaiyyət nümayəndəsi iştirak edirdi.
Rayon rəhbəri görüşün əvvəlində qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, keçirilən belə görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları operativ həll etməkdir.
Səyyar görüş-qəbulda sakinlərə cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir.
Rayon rəhbəri sakinlərin diqqətinə çatdırdı ki, rayonda genişmiqyaslı abadlıq işləri gedir. Yeni Suraxanı qəsəbəsində bütün küçələr asfaltlanır. Mərhələli şəkildə rayonun bütün qəsəbələrinin daxili yolları əsaslı təmir edilərək asfaltlanacaqdır. Eyni zamanda, çoxmərtəbəli binaların fasadları yenilənir, dam örtükləri dəyişdirilir, liftləri təzələnir, abad həyətlər salınır. Rayonun qəsəbələrində ağaclar budanır, qurumuş ağaclar kəsilir. Bütün bu işlər sakinlərin rahatlığının təmin edilməsi üçündür.
Rayon sakinləri Suraxanı rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər.
Rayon rəhbəri səyyar görüş-qəbulda sakinləri narahat edən bir sıra məsələlərə aydınlıq qətirdi, müxtəlif sahələrlə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.