Əziz Əzizov Suraxanı rayon ictimaiyyəti ilə görüşdü
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Suraxanı rayonun idarə, müəssisə, ictimai təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüşmüşdür.
Görüşün əvvəlində Əziz Əzizov məlumat verdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Rayon rəhbəri görüş iştirakçılarına dövlət başçısının yeni təyin olunan icra başçılarını qəbul edərkən vurğuladığı məsələləri çatdıraraq bildirmişdir ki, xalqa ləyaqətlə xidmət etmək hər bir dövlət məmurunun borcudur.
Son illər ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı uğurlara imza atan ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışan Əziz Əzizov qeyd etmişdir ki, 2003-2018-ci illərdə ölkə iqtisadiyyatı üç dəfədən çox artmışdır. İqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərmişdir. Ölkəmizdə yoxsulluq təxminən 50 faizdən 5 faizə düşmüşdür. Xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü və Hərəkata sədrliyin Azərbaycana keçməsi isə ölkəmizin beynəlxalq arenada gündən-günə artan nüfuzunun göstəricisidir.
Görüşdə cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, 2019-cu il islahatlar ilidir. Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir.
Görüşdə çıxış edən YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, “Azərbaycan Qadın və İnkişaf Mərkəzi”nin Suraxanı Rayon bölməsinin sədri Şövkət Xanməmmədova, "Qızıl Fit" mükafatçısı Hicran Şərifov, Yeni Suraxanı qəsəbə Ağsaqqallar Şurasının sədri Kamil Həmzəyev, Respublikanın Əməkdar artisti Ağalar Baryamov, 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov, 208 nömrəli tam orta məktəbin direktoru Məlahət Əsədova, Murtuza Muxtarov adına “İmam cümə məscidi” dini icmasının sədri Hacıbala Eyvazov, Hövsan qəsəbə ağsaqqalı Hüseyncan Rəhimov, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov ölkədə, o cümlədən Suraxanı rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.