Suraxanı məktəbliləri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə tanış olurlar
Suraxanı məktəbliləri Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə yanaşı, Nizami yurdunun yeni xəritəsində əksini tapmış müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, mədəniyyət ocaqları, yaraşıqlı prospektləri, park və xiyabanları ilə ətraflı tanış olurlar. Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinə, Gəncə şəhərinin tarixi məkanlarına - Cavadxan məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Çökək hamama, Xan bağına, Qədim Qala divarlarına, “İmamzadə” kompleksinə, Comərd Qəssab türbəsinə, Nizami Gəncəvi məqbərəsinə ekskursiya etmişlər.
Qarşıdakı günlərdə isə məktəblilərin Gəncə Dövlət Filarmoniyasının yeni binasına və Gəncə Bulvarına, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”nə, “Abidələr” parkına, Alman kilsəsinə, Şəmkir Aqroparkına, Göygöl rayonunda Alman kirxasına, sonuncu alman Viktor Klaynın ev-muzeyinə, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiyaları təşkil ediləcək.
Suraxanı məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası kimi uğurlu layihənin reallaşdırılmasına görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.