Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Suraxanıda məktəblilərin təntənəli yolasalma mərasimi olmuşdur

18 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə “Ölkəmizi tanıyaq” tur-aksiyaları təşkil olunur.
“Ölkəmizi tanıyaq” tur-aksiyaların növbəti mərhələsində 18 noyabr 2019-cu il tarixdə Suraxanı məktəblilərinin Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə təntənəli yolasalma mərasimi olmuşdur.
“Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Suraxanı rayon məktəbliləri əvvəlcə  Ümummilli Liderin Heydər Əliyev parkında  ucalan abidəsini ziyarət etdilər və Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, “Ölkəmizi tanıyaq” tur-aksiyaları haqqında filmi izlədilər.
Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Ötən müddətdə ildə 2 dəfə olmaqla, 7 istiqamət üzrə 11 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edən növbəti - 12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edir. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq. “Ölkəmizi tanıyaq” tur-aksiyalarında 393 Suraxanı məktəblisi iştirak etmişdir. Daha 40 məktəbli isə 12-ci tur-aksiyada iştirak edəcəkl. Beləliklə, 433 rayon məktəblisi “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olacaq.
Əziz Əzizov qeyd etdi ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Səfər zamanı yolboyu görəcəyiniz yerlərdə, olacağınız rayonlarda ölkəmizdə gedən inkişafı, aparılan abadlıq-quruculuq işlərini, doğma vətənimizin günü-gündən gözəlləşməsini öz gözlərinizlə görəcəksiniz.
Ötən tur-aksiyadan bəri ölkəmizdə Bədii gimnastika üzrə 37-ci dünya çempionatı, XV Avropa Gənclər Yay Olimpiya Festivalı, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Formula 1 SOCAR Azərbaycan Qran-Prisi, VII Qlobal Bakı Forumu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü və digər bu kimi beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilib.
2019-cu il aprelin 6-da Azərbaycanda 10 milyonuncu vətəndaş dünyaya göz açıb.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü və Hərəkata sədrliyin Azərbaycana keçməsi isə ölkəmizin beynəlxalq arenada gündən-günə artan nüfuzunun göstəricisidir.
Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək daha çox islahat aparan ölkə elan olunmuşdur.
Rayon rəhbəri bütün sahələrdə böyük nailiyyətlər əldə etmiş Azərbaycanımızın davamlı sosial-iqtisadi və mədəni inkişafının təmin olunmasında, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllində, elmin, təhsilin və səhiyyənin inkişafına hesablanmış mühüm layihələrin müvəffəqiyyətlə həyata keçirilməsində, ölkəmizin dünyamiqyaslı mühüm ictimai-mədəni tədbirlərə, mötəbər beynəlxalq forumlara ev sahibliyi etməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdiyiniz əzmkar və vətənpərvər fəaliyyəti xüsusi vurğulamışdır.

Yolasalma mərasimində Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova, valideyn Kamilə Babayeva, tur-aksiyanın iştirakçısı 279 nömrəli tam orta məktəbin şagirdi Akif Eyyubov çıxış edərək “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası kimi uğurlu layihənin reallaşdırılmasına görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, bu aksiya şagirdlərə bölgələrimizin gözəlliklərini, inkişafını əyani olaraq görməyə imkan yaradır. Məktəblilər Vətənimizin gözəllikləri ilə tanış olur və onu daha yaxından tanıyırlar.
Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam etdi.
Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşdülər.

Keçidlər