20 Yanvar faciəsi qurbanlarının xatirəsi Suraxanı rayonunda yad edildi
17.01.2014- cü il tarixdə Suraxanı rayonundakı 76 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə məktəblilərin əl işlərindən ibarət 20 Yanvar faciəsini əks etdirən sərgiyə baxdılar. Sonra Azərbaycanın istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etdi ki, 20 Yanvar 1990-cı il tarixi xalqımızın qan yaddaşına əbədi həkk olunub. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı rəhbərliyi ölkənin qanunlarını saya almayaraq və beynəlxalq hüququ tapdalayaraq Azərbaycanın suveren hüquqlarını pozdu, xalqa xəbərdarlıq etmədən paytaxta və ətraf bölgələrə qoşun yeridib qabağına çıxan nə vardısa gülləbaran etdi.
Bu qırğın xalqımızın milli mənlik şüurunun məhv edilməsinə, onun dövlətçilik tarixi boyu əyilməz qürurunun sındırılmasına yönəlmişdi.
20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır.
İcra başçısının müavini onu da vurğuladı ki, bu gün şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial təminatının gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
Dövlətimiz tərəfindən 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il dövlət yardımları edilir.
S.Hüseynova qeyd etdi ki, 1990-cı ilin qanlı Yanvar hadisəsi Azərbaycan xalqı ücün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq ücün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Mərasimdə çıxış edən 20 Yanvar Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədr müavini Bəxtiyar Ağayev ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açmış, respublikamızın hər yerində bu cür anım mərasimlərinin keçirilməsini şəhidlərin xatirəsinə dərin ehtiram kimi dəyərləndirmişlər.
Anım tədbiri 76 və 196 saylı tam orta məktəblərin kollektivlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etmişdir. Məktəblilər qəhrəmanlıq mövzusunda mahnılar və şəhidlərə həsr olunmuş şeir parçaları səsləndirmişlər.
Tədbirdən sonra Suraxanı rayonunda yaşayan 20 Yanvar Şəhid ailələri və əlillərinə ərzaq yardımı edilmişdir.