"Sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması"na dair işgüzar forum
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 17.09.2019-cu il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində keçirilən “Sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması”na dair rayonun sahibkarları ilə növbəti 13-cü işgüzar forumu keçirilmişdir. Tədbirdə rayonda fəaliyyət göstərən 100 nəfərə yaxın sahibkar və müxtəlif idarələrin nümayəndələri iştirak etmişdir.
Forumda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rəşad Hacıyev, Fondun məsul şəxsləri çıxış etdilər.
Tədbirdə güzəştli kreditlərin verilməsi mexanizmi və şərtləri izah olunmuş, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr sahibkarlara təqdim edilmişdir. Eyni zamanda, tədbirin keçirilməsində məqsədlərin biri - sahibkarlarla müvəkkil kredit təşkilatları arasında qarşılıqlı inamın artırılması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi üzrə qarşılıqlı dialoq əsasında işgüzar münasibətlərin yaradılması, potensial sahibkarların üzə çıxarılması və nəticədə daha çox kiçik və orta həcmli layihələrin maliyyələşdirilməsi olmuşdur. Tədbirin sonunda sahibkarları maraqlandıran suallara cavab verilmişdir.