Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

12 sentyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Suraxanı rayonundakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 12-də Bakının Suraxanı rayonundakı 101 nömrəli orta məktəbdə aparılan təmir-tikinti və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və məktəbin direktoru Səidə Məmmədova görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdilər.
Bildirildi ki, 101 nömrəli tam orta məktəbin binası 1937-ci ildə tikilib. O zaman 400 şagird yerlik üçmərtəbəli korpus istifadəyə verilib. 1960-cı ildə isə 4 sinifdən ibarət yardımçı korpus tikilib. 2012-2013-cü illərdə 20 sinif otağından ibarət əlavə 400 yerlik bina istifadəyə verilib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayında təhsil ocağının 1937-ci ildə istifadəyə verilən binası sökülərək yerində 360 yerlik 15 sinif otağından ibarət əlavə korpusunun tikintisinə başlanıb. İnşaat işləri yüksək səviyyədə həyata keçirilib. Bundan sonra məktəbdə birnövbəli sistemdə 985 şagird təhsil alacaq. Şagirdlərin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur.
Diqqətə çatdırıldı ki, məktəbdə 35 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.
Məlumat verildi ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2019-cu ilin statistikasına görə, məktəbi bitirən məzunların 80 faizi tələbə adını qazanıb.
Məktəbin həyətində geniş abadlıq və quruculuq işləri görülüb. Həyətdə futbol və voleybol meydançaları yaradılıb.
Dövlətimizin başçısı cənab İlham Əliyev məktəbin direktoru Səidə Məmmədova ilə söhbət etdi.
Prezident İlham Əliyev: Açıq futbol meydançası da var. Gözəl şərait yaradılıb. Sizi təbrik edirəm.
Səidə Məmmədova: Mən Sizə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Bizim üçün belə bir müasir məktəb tikdirmisiniz. Sağ olun, var olun.
Prezident İlham Əliyev: Sağ olun.
X X X
Qeyd edək ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi də məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxt və ətraf qəsəbələrlə yanaşı, respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur, lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.

Keçidlər