Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Suraxanı rayonu, Hövsan qəsəbə sakinləri ilə görüşü

27 avqust 2019 | 16:00

www.azerbaijan-news.az
01:05 27.08.2019

Ölkə rəhbərinin tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtın qəsəbələrində keçirdiyi əhali ilə görüşləri çərçivəsində Suraxanı rayonu Hövsan qəsəbəsində sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə növbəti toplanış da əhəmiyyətli olmuşdur.
Qeyri-iş günü və havanın çox isti olmasına baxmayaraq, yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, paytaxtın və Suraxanı rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini ayaq üstə dinləmişlər. Bu, sakinlərin xüsusi rəğbəti ilə qarşılanmışdır.
Əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyevin qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilmişdir.
Sakinlərin böyük fəallığı, yaradılan səmimi ab-hava şəraitində və ənənəvi "Açıq mikrofon” formatında keçən görüşdə çıxış edən Hövsan sakinləri Bakı şəhərində, eyni zamanda Hövsan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onun həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə etmişlər.
Görüşdə söz alan qəsəbə sakini Kəmaləddin Qədimov qəsəbənin sosial-iqtisadi inkişafındakı xidmətlərinə, burada təhsil, səhiyyə və mədəniyyət obyektlərinin tikintisi və təmirinə göstərdiyi diqqət və qayğıya görə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş və fürsətdən istifadə edərək Mehriban xanımı doğum günü münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Görüş iştirakçıları yekdilliklə bu təbrikə qoşularaq onu ayaq üstə sürəkli alqışlarla dəstəkləmişlər.
Təbrikə qoşulan Eldar Əzizov qeyd etmişdir: "Bizim tariximiz çox qədim və zəngindir, minillikləri əhatə edir. Mehriban xanım Əliyeva Azərbaycanın çoxəsrlik tarixində yer tutan ən görkəmli xanımlardan biridir. O, özünün çoxşaxəlı fəaliyyəti ilə ölkəmizdə və Şərq aləmində yeni siyasi mədəniyyəti təsdiq edib”.
Sakinlər qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdir ki, bu gün paytaxtımız sürətlə inkişaf edir və müasir görkəm alır. O vurğulamışdır ki, Prezident İlham Əliyevin siyasəti ümumxalq xarakterlidir və bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır. Cənab Prezidentin dövlət qurumlarının rəhbərləri qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır. Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışan Eldar Əzizov bildirmişdir ki, dövlət başçısı qarşıya paytaxtın qəsəbələrinin daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub.
Maraqlı dialoq şəklində keçmiş görüşdə 31 nəfər sakin çıxış etmiş, onları narahat edən məsələlər dinlənilmiş, müvafiq tapşırıqlar verilmişdir. Müraciətlər əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdırılması, qəsəbədə yeni uşaq bağçası və məktəb üçün əlavə tədris korpusunun tikintisi və s. olmuşdur. Bütün müraciət və təkliflər nəzarətə götürülmüşdür.


 

Keçidlər