Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

26 avqust 2019 | 16:00

Avqustun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin nümayəndələri, bələdiyyə sədrləri, din xadimləri, dindarlar və gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək mövzunun aktuallığından danışıb. İlqar Abbasov dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərin önəminə toxunaraq, bu sahədəki maarifləndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, dövlətimizin din sahəsindəki başlıca vəzifəsi dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, eləcə də vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasıdır. Rayonda dini durumun sabit olduğunu qeyd edən RİH-nin başçısı onu da bildirib ki, Suraxanı ərazisində 12 məscid və 1 ziyarətgah fəaliyyət göstərir.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd cəmiyyətin dinlə bağlı düzgün məlumatlandırılmasıdır. Səyavuş Heydərov DQİDK-nın digər müvafiq qurumlarla birgə bu sahədə mütəmadi işlər həyata keçirdiyini diqqətə çatdırıb. Respublikamızda ictimai-siyasi və dini durumun sabit olduğunu vurğulayan sədr müavini deyib ki, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq məkanına çevrilib. O, Bakıda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə dövlətimizin başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib.
Dünyada gedən proseslərə nəzərə salan Səyavuş Heydərov deyib ki, bəzi qüvvələr öz geosiyasi maraqlarını həyata keçimək üçün din amilindən istifadə edirlər. Qeyd edib ki, son dövrlərdə dünyada, o cümlədən müsəlman ölkələrində baş verən məzhəblərarası qarşıdurmalarda və müharibələrdə din amili daha qabarıq şəkildə özünü büruzə verir: “İslam dini əslində sülh, əmin-amanlıq dinidir. Bu din inkişafa, elm və təhsilə xüsusi önəm verir. İslam da xurafat elementləri yoxdur"-, deyə sədr müavini əlavə edib.
Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov hər kəsi dini radikalizmə qarşı ayıq-sayıq olmağa çağıraraq, cəmiyyətə, xüsusilə gənclərimizə yad dini ideologiyaların təsirinə məruz qalmamağı tövsiyyə edib. Onun sözlərinə görə, vətəndaşlarımız milli-mənəvi dəyərlərimizi unutmamalı, bu dəyərlərə sadiq olmalıdır.
Səyavuş Heydərov sentyabrın 1-də Müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi Fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini diqqətə çatdıraraq vurğulayıb ki, Aşura mərasimləri milli adət-ənənələrimizə uyğun formada keçirilməlidir.
Din xadımləri çıxışlarında bu cür tədbirlərə görə təşəkkürlərini bildiriblər və təkliflərini səsələndiriblər.

 

Keçidlər