Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanda ali məktəblərə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş olmuşdur

28 avqust 2019 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzinin keçirtdiyi ali məktəblərə qəbul imtahanlarında yaxşı nəticə göstərərək ali məktəblərə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilmişdir. 
Görüşdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ziyalıları, təhsil  işçiləri, ali məktəblərə  qəbul  imtahanında  yüksək  nəticə  göstərən  200-dən çox rayon  məzunu, ictimaiyyətin nümayəndələri  əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş,  Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən görüş  Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi ilə başlamışdır. Tədbiri giriş  sözü  ilə  açan  Rayon  İcra  Hakimiyyətinin  başçısı  İlqar  Abbasov   bildirmişdir  ki, hər il məzunlarla görüşün keçirilməsi bir ənənə halını almışdır. Bugüngü görüşümüzdə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-kimya Prosesləri institutunun direktoru, akademik, Vaqif Abbasov da iştirak edir. Bu heç də təsadüfi deyil. AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə razılaşmaya əsasən  Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində 2017-ci ilin sentyabr ayından İnstitutun alimləri I qrup ixtisaslarını seçən, xüsusi istedadı ilə fərqlənən, aztəminatlı və məcburi köçkün ailələrindən olan 15 şagirdə ali məktəbə qəbul proqramına uyğun olaraq kimya fənnindən məşğələlər keçmişdir. Həmin məzunların əksəriyyəti tələbə adını qazanmışdır. İnstitutun alimlərinə həm öz adımdan, həm də valideynlər və şagirdlər adınndan təşəkkür edirəm.
İlqar Abbasov qeyd etmişdir ki, müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə bu istiqamətdə atılan addımlar bu fikri bir daha söyləməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyən Ulu Öndər qeyd edirdi ki, dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq. Ulu Öndərin əsasını qoyduğu təhsil islahatları “Təhsil bizim gələcəyimizdir, gec-tez, təbii sərvətlər tükənəcək, bilik, zəka isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir” deyən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayon rəhbəri vurğulamışdır ki, dövlət başçısının təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən 5 ildən çox vaxt ötmüşdür. Ötən müddət ərzində strategiyanın icrası istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, son 5 ildə 600-dən çox, 2003-2019-cu illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır.
Təhsilə göstərilən dövlət qayğısı Suraxanı rayonundan da yan keçməmişdir. Belə ki, Suraxanı rayonunda son 16 ildə 5920 şagird yerlik 7 məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədi ilə 14 məktəb üçün 7340 şagird yerlik 17 əlavə  tədris korpusu tikilmiş, 26372 şagird yerlik 24 məktəb binası əsaslı təmir olunmuşdur. Bu gün Suraxanı məktəblilərinin əksəriyyəti yeni, təmirli, müasir avadanlıqlarla təchiz olunmuş məktəblərdə oxuyur, müəllimlər isə işləyirlər.
2019-cu ildə isə Bülbülə qəsəbəsində, 208 nömrəli məktəbin mövcud binası sökülərək yerində 360 şagird yerlik məktəb binası, Əmircan qəsəbəsi, 97 nömrəli məktəbin binası sökülərək yerində 264 şagird yerlik korpus, yeməkxana, idman və akt zalı, Yeni Suraxanı qəsəbəsi, 101 nömrəli məktəbin binası sökülərək yerində 360 şagird yerlik korpus, yeməkxana və akt zalı, Əmircan qəsəbəsi, 154 nömrəli məktəbin binası sökülərək yerində 960 şagird yerlik məktəb binasının tikintisi işləri davam etdirilir.
Bütün bunlar milli təhsil strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Burada bir vacib məsələni də vurğulamaq istəyirəm. Dövlət başçısının cari ilin birinci yarısında böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır.
İlqar Abbasov qeyd etmişdir ki, dövlət başçısının sosial müdafiə sahəsində atdığı mühüm addımlar müəllimləri də əhatə etmişdir. Ölkə prezidentinin digər sərəncamına əsasən, eyni zamanda dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılmış, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulmuşdur.
Rayon rəhbəri daha sonra bildirmişdir ki, hər olduğu kimi bu il də rayon məzunları dövlətimizin yaratdığı imkanlardan bəhrələnərək Dövlət İmtahan Mərkəzinin keçirtdiyi ali məktəblərə qəbul imtahanlarında yaxşı nəticə göstərmişlər. 2018-2019-cu tədris ilində 1919 nəfər məzun olmuşdur. Onlardan 1679 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Sənəd verənlərdən 1263  nəfəri tələbə adını qazanmışdır. Bu da sənəd verən məzunların 75,2 faizini təşkil edir. Rayon məzunlarının 59 nəfəri 600-dən yuxarı, o cümlədən 10 nəfəri 650-dən yuxarı bal toplamışdır.
Görüşdə Milli Məclisin deputatı Ağacan Abiyev, Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutunun direktoru, akademik Vaqif Abbasov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Aprel hadisələrininfəal iştirakçısı, hərbçi Elşən Qarayev, valideyni Sevinc Həsənova, 208 nömrəli  tam orta məktəbin direktoru Məlahət Əsədova, rəhbəri olduğu sinifdə 22 şagirddən 21-i  tələbə adını qazanmış 270 nömrəli məktəbin müəlliməsi Esmira Qasımova məzunları təbrik etdilər. Tələdə adını qazanmış  114 nömrəli tam orta məktəbin məzunu Firuzə Əliyeva, 226 nömrəli tam orta məktəbin məzunu Natəvan Həsənzadə, Kimya fənnindən Suraxanı rayonu Heydər Əliyev Mərkəzində AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya prosesləri İnstutunun alimləri tərəfindən kimya fənnindən hazırlaşandırılan məzunlardan 79 nömrəli tam orta məktəbin məzunu Cavid Əhmədzadə, Fövqəladə Hallar nazirliyi Akademiyasının kursantı Fərid Mustafayev gənclərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunun kollektivi, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən məzunlar rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundular, məzunlara qiymətli hədiyələr təqdim edildi.
Tələbə adını qazanan məzunları 87 nömrəli məktəbinin şagirdləri hazırladıqları ədəbi-bədii kompozisiya ilə təbrik etdilər.

 

Keçidlər