Suraxanı rayonunda növbəti ağacəkmə kampaniyası keçirilmişdir
Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirmiş, genişmiqyaslı tədbirlər həyata keçirmişdir.
Bu gün ulu öndərin ekoloji siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bununla əlaqədar ətraf mühitin mühafizəsində mühüm rol oynayan davamlı yaşıllaşdırma tədbirlərinin icrası mütəmadi şəkildə təşkil olunur. Belə tədbirlərdən biri Suraxanı rayonunun Hövsan qəsəbəsində keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsi, 21 saylı binanın qarşısındakı ərazidə reallaşan bu dəfəki ağacəkmə kampaniyasında başçı İlqar Abbasov, idarə, müəssisə və təşkilatların, habelə ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Kampaniyada 1000-dən yuxarı ağac əkilmişdir. Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması və onların daha yaxşı təbii inkişafı üçün mineral gübrələrdən istifadə olunmuşdur. Eyni zamanda, ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Rayon icra hakimiyyəti rəhbərliyinin dəstəyilə son illər ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə ayrı - ayrı sahələrdə vaxtaşırı ağacəkmə kampaniyası keçirilmiş, yüzlərlə ağac əkilmiş, təmizlik və abadlıq işləri aparılmışdır. Ona görə də paytaxtımızın bu ərazisi hazırda ən abad və yaşıllıqlarla zəngin rayona çevrilmişdir.
Yeri gəlmişkən, rayonun daxili imkanları hesabına Hövsan qəsəbəsində hər birinin sahəsi 15 min kvadratmetr olan 2 istirahət parkı əsaslı təmir olunaraq, sakinlərin sevimli istirahət məkanlarına çevrilmişdir.
Mərkəzi küçəboyu və ətrafda yerləşən 88 ticarət obyektinin fasadlarının yenidən qurulması, 9 abad həyət yaradılması qəsəbənin xarici görünüşünü müasirləşdirmişdir.
Hövsan qəsəbəsində səki, küçə və yollara 100 min kvadratmetrdən çox asfalt örtüyü salınmış, su və qaz təchizatını yaxşılaşdırmaq məqsədi ilə 156 min metr qaz xətti, 36 min metr su xətti çəkilmiş, 104 yaşayış binasında su şəbəkəsi dəyişdirilmiş və fasiləsiz su təminatına keçilmişdir. Beləliklə, uzun illərdən bəri su qıtlığından əziyyət çəkən Hövsan sakinlərinin su problemi öz həllini tapmışdır.