Suraxanı rayonunda ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunmuşdur
Sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin giriş və yekun nitqindən irəli gələn vəzifələr və Suraxanı rayonunda 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələr konkretləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verən İlqar Abbasov bildirmişdir ki, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ölkə İqtisadiyyatı bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artmışdır. Qeyri-neft sənayesində artım 15,7 faizdir. Kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır. Ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Əhalinin gəlirləri 6,6 faiz artmışdır. Cənub Qaz Dəhlizinin icrası ilə bağlı çox əhəmiyyətli işlər görülmüşdür. Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan əlavə gəlir əldə edəcəkdir.
Bu ilin əvvəlində çox böyük sosial paket təsdiqlənmiş və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon insanımızı əhatə edəcəkdir. Müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanı əhatə edir. Özünüməşğulluq Proqramı ilə bağlı ötən il 6 min ailə mikro və kiçik biznesə başlaması üçün aktivlərlə təmin edilmişdir.
Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və Azərbaycan 32 pillə irəliləmiş və hazırda 25-ci yerdədir. Son 15 il ərzində 15 min kilometr, cari ilin altı ayında isə 400 kilometrə yaxın avtomobil yolu çəkilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir.
Ölkənin valyuta ehtiyatları rekord həddə çatıb – 49 milyard dollar səviyyəsindədir. Bu ilin altı ayında valyuta ehtiyatları 4 milyard dollar artmışdır. Manatın məzənnəsi sabitdir. İlin əvvəlindən 60 min yeni iş yeri açılmışdır. Ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atılmış və təxminən 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılmışdırdır.
İlqar Abbasov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda sosial-iqtisadi siyasətin yüksək səviyyədə reallaşdırılması, həyata keçirilən çoxşaxəli islahatlar nəticəsində 2019-cu ilin birinci yarımilliyində ölkənin bütün regionlarında, o cümlədən Suraxanı rayonunda qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilmiş, iri layihələr həyata keçirilmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir.
Suraxanı rayonunda 2019-cu ilin 6 ayı ərzində ilkin məlumata əsasən sənaye məhsulunun istehsalı 188,8 milyon manat, tikinti-quraşdırma işləri 103,8 milyon manat, nəqliyyat xidmətləri 6,7 milyon manat, rabitə xidmətləri 566,0 min manat, iaşə dövriyyəsi 16,7 milyon manat, pərakəndə ticarət dövriyyəsi 384,6,0 milyon manat olmuş, orta aylıq əmək haqqı 568 manat təşkil etmiş, əhaliyə 103,0 milyon manat məbləğində ödənişli xidmətlər göstərilmiş, 2210 yeni iş yeri açılmışdır.
Bu müddət ərzində cənab Prezident rayonumuzu şərəfləndirərək iki dəfə Suraxanıya gəlmişdir. Bu səfərlər cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ənənəsinə sadiq qalaraq regionların sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxladığını bir daha təsdiqləmiş, eyni zamanda, hər bir suraxanılının xatirəsində silinməz iz qoymuşdur.
Belə ki, aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva əsaslı şəkildə yenidən qurulan Qaraçuxur qəsəbəsindəki “Neftçilər” parkında yaradılan şəraitlə tanış olmuş, parkda istirahət edən sakinlərlə görüşmüş, onlarla söhbət etmişlər.
10 may tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun 28-ci kilometrliyində Suraxanı rayonunda keçmiş yod-brom zavodunun ərazisində salınan yaşıllıq sahəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96–cı ildönümü münasibətilə ağacəkmə kampaniyasında iştirak edərək ağac əkmişlər. Ağacəkmə aksiyasında 4 hektar ərazidə, ümumilikdə, 3250 ağac əkilmişdir. Ağaclar əraziyə çəkilmiş avtomatlaşdırılmış damcılı suvarma sistemi vasitəsilə suvarılır, suvarma üçün su Hövsan Aerasiya Stansiyasından götürülür və təmizləyici qurğularda təmizləndikdən sonra suvarmaya ötürülür. Damcılı suvarma sisteminin elektrik enerjisi ilə təchizatı Suraxanı Günəş Elektrik Stansiyası hesabına təmin edilir.
Dövlət başçısının tapşırığına əsasən Suraxanı rayonunda keçmiş yod-brom zavodunun ərazisində lay suları, duz, yod və digər tullantılarla çirklənmiş 67 hektar sahənin təmizlənərək bərpa edilməsi, kollektor-drenaj sisteminin qurulması işləri uğurla icra olunub. Ümumilikdə, indiyədək bu ərazidə 50 mindən çox müxtəlif növ ağac əkilərək böyük yaşıllıq zolağı salınmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan və 2017-ci ilin 24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən təməli qoyulan Hövsan Yaşayış Kompleksində yaşayış binalarının tikintisi işləri davam etdirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində Suraxanı rayonunun müxtəlif qəsəbələrində yerləşən yaşayış binalarında və onların həyətlərində mərhələli şəkildə irimiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirilməsi davam etdirilir.
Ölkənin hər yerində olduğu kimi, Suraxanı rayonunda da ekoloji vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin sağlamlaşdırılması,yeni yaşıllıq zolaqlarının salınması istiqamətində görülən işlərin miqyası artmış, 2019-cu ilin 6 ayı ərzində neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 1,5 hektar olan müxtəlif ölçülü 15 gölməçə qurudulmuş, neftlə çirklənmiş 9,295 hektar torpaq sahəsi təmizlənmiş, 23 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənərək abadlaşdırılmış,rayon ərazisində iməciliklər keçirilərək 7668 ədəd ağac əkilmişdir.
26 fevral 2019-cu il tarixdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın iştirakı ilə həmin kampaniya çərçivəsində Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkında ağacəkmə aksiyası keçirilmiş, aksiyada Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə 613 ağac əkilmişdir. 27 fevral tarixdə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva rayonun 2 saylı uşaq evinin yeni idman meydançasında yaradılan şəraitlə tanış olmuş, uşaqlarla görüşmüşdür.
Ötən dövr ərzində rayonda bir sıra İctimai-siyasi və digər tədbirlər keçirilmişdir.
Vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqət artırılmış, cari ilin 6 ayı ərzində Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 1001 nəfər vətəndaş qəbul edilmiş, qəsəbələrdə keçirilən 21 səyyar görüş-qəbulda 1888 sakin iştirak etmişdir. Müraciətlərin mövzusu əsasən fərdi yaşayış evlərinin tikintisi və söküntüsü, mənzillə təmin olunma, evlərin, mənzillərin, torpaq və bağ sahələrinin sənədləşdirilməsi,maddi yardım göstərilməsi, fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması və s. haqqında olmuşdur.
Ötən dövr ərzində müntəzəm yeniləşən RİH-in internet saytı, elektron poçt ünvanı, "Qaynar xətt" telefonu fasiləsiz fəaliyyət göstərmiş, yerlərdə "Şikayət və təkliflər" səyyar poçt qutuları quraşdırılmış, elektron poçt ünvanına daxil olmuş 255 elektron məktub cavablandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən işsiz vətəndaşların haqqı ödənilən ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilmiş, 2019-cu ildə rayon üzrə 850 nəfər işsiz vətəndaşın yeni yaradılmış “DOST İŞ Mərkəzi” MMC tərəfindən haqqı ödənilən ictimai işlərə cəlb edilməsi nəzərdə tutulmuş, hazırda 799 nəfər bu sahədə çalışır.
Şuranın geniş iclasında Milli Məclisin deputatı Ağacan Abiyev, Rayon İcra hakimiyyəti başçısının müavinləri Etibar Yolçiyev, Afət Həsənova, RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afaq Qədimova , Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov çıxış etmişdir.
Şuranın geniş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Suraxanı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudarov Barxudar İsmayıl oğluna medalı, rayonda aparılan abadlıq və quruculuq işlərində fəal iştirakına görə Mehdiyev Şəmil Rza oğluna rayon İcra Hakimiyyətinin Təşəkkürnaməsi, rayon İcra Hakimiyyəti başçısı aparatında konüllü kimi fəaliyyət göstərmiş bir qrup könüllüyə Şəhadətnamə təqdim olunmuşdur.
Müzakirələri yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycanın bütün regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərən dövlətimizin başçısını əmin etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq olan rayonun sakinləri və əmək kollektivləri cənab İlham Əliyev tərəfindən müəyyən edilən vəzifələrin yerinə yetirilməsi, ölkəmizin inkişaf etdirilməsi və daha da güclü olması üçün bütün səy və bacarıqlarını səfərbər edəcək.