Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonun Hövsan qəsəbəsidə növbəti səyyar qəbul-görüş keçirilmişdir

24 iyul 2019 | 16:00

24 iyul 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Hövsan qəsəbəsində, Hövsan kəndində yerləşən 118 nömrəli tam orta məktəbin akt zalında sakinlərlə növbəti səyyar qəbul-görüşü olmuşdur. Görüşdə dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, Hövsan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən carin ilin fevral ayında qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı yeni sərəncamları ilə minimum əməkhaqqının, eləcə də bir sıra sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması bunun daha bir təsdiqidir.
İlqar Abbasov sakinlərə ölkə başçısının yeni sosial paketi barədə tam dolğunluğu ilə məlumat verərək vurğulamışdır ki, dövlət başçısının iyunun 18-də imzaladığı 17 sərəncamla ilin əvvəlindən start götürən sosial islahatların ikinci mərhələsi başlamışdır. Bu mərhələdə minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılacaq, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları artırılacaq. Artımlar ümumilikdə 20-50 faiz təşkil edəcək. İkinci sosial paket çərçivəsində həyata keçiriləcək tədbirlər 1 milyon 350 min nəfər vətəndaşın əməkhaqqının artımına səbəb olacaq. Bu da ölkə üzrə muzdla işləyənlərin 80 faizini təşkil edir. Həmin insanlardan 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir. 750 min nəfərin pensiyasında artım baş verəcək. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizi deməkdir. Digər pensiyaçılara gəldikdə, 2020-ci ilin yanvarından bütün pensiyalar artacaq.
Rayon rəhbəri daha sonra qəbul edilmiş Dövlət Proqramlarının icrası nəticəsində Suraxanı rayonunda, o cümlədən Hövsan qəsəbəsində görülmüş işlər barədə danışdı və  görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işlərini sakinlərin diqqətinə çatdırdı. Rayon rəhbəri səyyar qəbul-görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.

Keçidlər