Suraxanıda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl təntənəli qeyd edilir
31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Suraxanı rayonunun bayramsayağı tərtibatı işlərinə başlanılmışdır. Tədbirlər planına uyğun olaraq rayonun bütün qəsəbələrində tərtibat işləri aparılır, silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.
Növbəti belə bayram tədbirləri 27 dekabr 2013-cü il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Əqli cəhətdən qüsurlu uşaqlar üçün 7 nömrəli İnternat məktəbində, 2 saylı Uşaq evində keçirilmişdir.
Xüsusi tərtibatla bəzədilmiş bu uşaq müəssisələrində əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü.
Uşaqları və bayram şənliklərində iştirak edən iştirakçıları salamlayan Rayon İcra Hakimiyyətinin nümayəndəsi tədbir iştirakçılarını, bütün soydaşlarımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn 2014-cü il münasibəti ilə təbrik etdi, yeni ildə xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq və qələbə arzuladı.
Tədbirlərdə ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan ətraflı danışıldı. Tədbirlərdə xüsusi vurğulandı, qoy qarşıdan gələn yeni il dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımızın arzularının, istəklərinin reallaşdığı il olsun.
Bayram tədbirlərində S.Bəhlulzadə adına mədəniyyət sarayının bədii kollektivi konsert proqramı ilə çıxış etdilər. Uşaqlar arasında müxtəlif yarışlar təşkil olundu.
Bayram tədbiri uşaqların sevinci ilə qarşılandı.
Tədbirlər planına uyğun olaraq qarşıdakı günlərdə də Suraxanı rayonunda bayram tədbirləri davam etdiriləcəkdir.