Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbənin 74-cü ildönümü Suraxanıda geniş qeyd olundu

09 may 2019 | 16:00

1941-1945-ci illər müharibəsində qələbənin 74-cü ildönümü Suraxanı rayonunda geniş qeyd olunmuşdur. “9 may - Qələbə Günü” münasibəti ilə rayonun bütün qəsəbələrində rayon rəhbərliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, ictimaiyyət nümayəndələrinin və veteranların iştirakı ilə təntənəli tədbirlər keçirilmiş, abidə komplekslərinin önünə tər güllər qoyulmuşdur.
9 may 2019-cu il tarixdə ümumrayon tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Böyük Vətən müharibəsinin iştirakçıları, arxa cəbhə veteranları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları rayonun Qaraçuxur qəsəbəsində  yerləşən “Vətən Şəhidləri Unudulmur” abidəsinin önünə gül qoydular.
Sonra bayram əhval-ruhiyyəsinin hökm sürdüyü Neftçilər parkında Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun büstü ziyarət edildi, Böyük Vətən müharibəsinin iştirakçıları, arxa cəbhə veteranları ilə səmimi görüş oldu.
Görüşdə bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar - o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərəkatına çevirilmiş, 700 min nəfərdən çox insan səfərbərliyə alınmışdır. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuşlar. Onlardan 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada  iki dəfə layiq görülmüş, 34 nəfər həmyerlimiz "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur. 57 həmyerlimiz general rütbəsinə yüksəlmişdir. 1941-1945-ci illərdə respublikamızda 75 milyon ton neft çıxarılmış, 22 milyon ton benzin və başqa neft məhsulları istehsal edilərək cəbhəyə yola salınmışdır. O dövrdə bütün Sovet neftinin 90 faizi Azərbaycanın payına düşürdü. Burada Suraxanı neftçilərinin əməyi az deyildir. Suraxanı neftçiləri gecə-gündüz əzmlə çalışaraq cəbhəni yanacaqla təmin etmişlər.
Xalqımız müharibə veteranlarına dərin ehtiram bəsləyir. Bu gün Suraxanı rayonunda 9 nəfər müharibə iştirakçısı, 19 nəfər arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş veteran və 111 nəfər həlak olmuş və ya vəfat etmiş müharibə iştirakçılarının dul qadınları yaşayır. Onların hər birinə uzun ömür və cansağlığı arzulayıram.
Azərbaycan xalqının Ümummilli Liderı, Ulu Öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev İkinci dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması, Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi barədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı müvafiq Sərənsamlar Azərbaycanın dövlət siyasətinin insan amilinə söykənməsi və humanist mahiyyət kəsb etməsinin bariz nümunəsidir.
Görüşdə 1941-1945-ci illər müharibəsinin veteranı İldırım İmanov döyüş xatirələrini söylədilər, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.
Məlumat üçün bildirək ki, Suraxanı rayonunda həyata keçirilən yerli proqramlardan biri də “Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi” adlanır. Həmin proqrama əsasən ötən dövrdə 19 ünvanda 63 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir.
Sonra tədbir “Aura” şadlıq evində davam etdirildi.
Tədbirdə Zığ Mədəniyyət evinin və Qurban Abbasov adına Mədəniyyət sarayının kollektivləri konsert proqramı ilə çıxış etdi.

 

Keçidlər