Suraxanıda Ulu Öndər Heydər Əliyevin xatirəsi anıldı
11 dekabr 2013-cü il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonun müəssisə rəhbərlərinin bir qrupu Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Həmin gün eyni zamanda Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi anılmışdır. Əvvəlcə 3 min nəfərdən yuxarı rayon ictimaiyyətinin nümayəndələri, ziyalıları, rayon rəhbərliyi, rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və abidənin önünə tər güllər qoydular.
Sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Tarixi yaradan şəxsiyyət – Heydər Əliyev” mövzusunda konfrans keçirildi.
Konfrans iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etdilər və Mərkəzin sifarişi ilə hazırlanmış “Tarixi yaradan şəxsiyyət – Heydər Əliyev” filminə baxdılar.
Konfransda məruzə ilə çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev özünü Azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Hər bir Heydərsevər qurur duyur ki, bu dahi insanın – Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib.
Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb.
Məhz Heydər Əliyevin - bu dahi şəxsiyyətin ölkəyə rəhbərliyi sayəsində mövcudluğu təhlükə altında olan dövlətçiliyimiz xaos və böhran məngənəsindən çıxarılmış, ümummilli fəlakətin - vətəndaş müharibəsinin qarşısı alınmış, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoyulmuş və atəşkəs rejiminin tətbiqinə nail olunmuşdur.
Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu. Bütün bunlar məhz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Natiq qeyd etdi ki, 1993-cü ildən etibarən Ümummilli Liderimizin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaradıldı.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq Fondun genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.
Natiq konfrans iştirakçılarının diqqətinə çatdırmışdır ki, bu gün Ümummilli Liderin şah əsəri olan Müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 10 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son 10 ildə ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirmiş, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atmışdır. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. 2013-cü il fevral ayının 8-də Azərbaycanın ilk süni telekommunukasiya peykinin orbitə çıxaırması, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Avropada I Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı tarixi hadisə və ölkəmizin böyük uğuru olmaqla yanaşı, həm də Azərbaycanın dünyada artan nüfuzunun və geniş imkanlarının beynəlxalq birlik tərəfindən qəbul edilməsinin əyani göstəricisidir.
Bütün bunların nəticəsidir ki, 2013-cü il 9 oktyabr prezident seçkilərində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev mütləq qələbə qazanmışdır. Bu seçkilər Azərbaycan xalqının Heydər Əliyev ideallarına sədaqətini, Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasətin uğurlarına ümumxalq inamını təcəssüm etdirir. 9 oktyabr 2013-cü il prezident seçkilərində xalqımız bu siyasətin həyatımıza gətirdiyi nailiyyətlərə, uğurlu sabahına doğru inamla irəliləyən Azərbaycana səs vermişdir.
İlqar Abbasov məruzəni bu sözlərlə yekunlaşdırdı: Həm ölkə daxilində, həm də beynəlxalq arenada qazanılan bu möhtəşəm uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi düzgün daxili siyasət, balanslı və çevik xarici siyasət strategiyası və onun dünyanın yeni geosiyasi reallıqları nəzərə alınmaqla möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən novatorcasına davam etdirilməsi kursu dayanır.
Məruzə ətrafında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Rayon Ağsaqqallar Şurasının üzvü Məmmədağa Quliyev, BDU-nun tələbəsi, Ombudsman elçisi Nigar İbrahimova, Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi Sevda Nadirova, 141 nömrəli tam orta məktəbin müəllimi Ülviyə Kərəmova, 8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının həkimi Xuraman Ağamoğlanova, 79 nömrəli tam orta məktəbin müəllimi Hökumə Şirinova çıxış etdilər. Çıxışlarda qeyd olundu ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqillik yolunda ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirməklə xalqımızın ən görkəmli şəxsiyyəti olaraq tarixdə silinməz iz qoymuşdur. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri ilə şəxsi hünər rəmzinə çevrilmişdir.
Konfransı yekunlaşdıran Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Heydər Əliyev sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin inkişafının bütün istiqamətlər üzrə əsaslarını formalaşdırdı. Ölkənin demokratik inkişaf yolunu müəyyənləşdirdi, sosial-iqtisadi-mədəni inkişaf xəttinin təməlini qoydu. Ən əsası isə Azərbaycanın dövlət müstəqilliyinin daimiliyini, əbədiliyini, dönməzliyini təmin edən mükəmməl, gələcək illərdə təməli daha da möhkəmlənəcək milli dövlətçilik ideologiyasını formalaşdırdı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsində bu ideologiyanı, Azərbaycanın sosial-iqtisadi-siyasi-mədəni tərəqqisini uğurla həyata keçirə biləcək ən layiqli varisini yetişdirdi.
Konfrans bu sözlərlə yekunlaşdı: Tarix Heydər Əliyevi yaratdı, Heydər Əliyev Tarix yazdı.