Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir

24 aprel 2019 | 16:00

Suraxanı rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər səhiyyə, təhsil, sənaye müəssisələrində davam edir. Növbəti tədbir  rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 nömrəli Şəhər poliklinikasında keçirilmişdir. Tədbirdə 16 nömrəli Uşaq poliklinikasının, 6 nömrəli Xüsusiləşmiş Vərəm Xəstəxanasının və 30 nömrəli Ambulatoriyanın kollektivləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə 23 nömrəli Şəhər poliklinikasının baş həkimi Sənan Əliyev açaraq qeyd etmişdir ki, əməkdar elm xadimi, tibb elmləri doktoru,  akademik,  görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevaya əbədiyaşarlıq qazandıran onun nəcib niyyəti, xeyirxah əməlləri, vətən naminə gördükləri böyük işlərdir. Qəlbi vətən sevgisi ilə döyünən, xeyirxah işləri ilə xalqının adını yüksəklərə qaldıran, xəstələrə şəfqət paylayan, insanları ağır epidemiyalardan, peşə xəstəliklərindən mühafizə edib qoruyan Zərifə xanım Əliyeva şərəfli bir ömür yaşamağın nümunəsidir.
Tədbirdə çıxış edən 23 nömrəli Şəhər poliklinikasının həkimi Tünzalə Əliyeva qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alimdir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.
16 nömrəli Uşaq poliklinikasının həkimi Ülviyə Əkbərova və 23 nömrəli Şəhər poliklinikasının həkimi Sədi Qurbanov çıxışlarında qeyd etmişlər ki, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım Əliyeva özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir.
Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev qeyd etmişdir ki,  Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox geniş fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir.
Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur.
Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir.

Keçidlər