Suraxanıda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir
Suraxanı rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər səhiyyə, təhsil, sənaye müəssisələrində davam edir. Növbəti tədbir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan xəstəxananın baş həkimi Azər Məmmədov qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alimdir. Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış və dəyərli elmi-tədqiqat işləri yazmışdır. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir. Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə "Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi" mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil edib. Alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin "Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti" mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q. Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndirmişdir. Zərifə xanım Əliyevaya 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Tədbirdə çıxış edən həkim Sədaqət İsmayılova qeyd etmişdir ki, Zərifə xanım Əliyeva cismən aramızda olmasa da, hər birimiz onu sonsuz hörmət və məhəbbətlə xatırlayırıq. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun elmi əsərləri, tədqiqatları, çoxsaylı kitabları yaşadığı 62 illik ömrünə sığmır. İşıqlı xatirəsi bu gün də insanların yaddaşında yaşayır. Zərifə xanımın əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.
Həkim Nuriyə Mirzəyeva öz çıxışında vurğulamışdır ki, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev qeyd etmişdir ki, Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox geniş fəaliyyət göstərmişdir. Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Amma bu adların sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın həyata keçməyən ideyalarının gerçəkləşməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə birgə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir.