Suraxanıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Elektron lektoriya zalında Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransda rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov iştirak etmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxan Rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin birinci mərtəbəsində şagirdlərin çəkdikləri rəsmlərə baxmış, Mərkəzlə tanış olmuş, Gənc Heydərçilərlə görüşmüşlər.
Konfrans dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümüdür. Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir. İllər keçdikcə Ümummilli Liderin böyüklüyü və bitib-tükənməyən irsi daha dərindən dərk olunur, Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşir.
Tarix Heydər Əliyev yaratdı, Heydər Əliyev tarix yaratdı.
Rayon rəhbəri vurğulamışdır ki, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan Müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi nəticəsində regionun ən inkişaf etmiş ölkəsinə çevrilmişdir. Bu günlər Azərbaycan ictimaiyyəti 2016-cı ilin aprelində baş vermiş və ordumuzun şəksiz qələbəsi ilə nəticələnmiş məşhur “dördgünlük müharibə”nin – Aprel zəfərinin üçüncü ildönümünü qeyd edir. Aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlmişdir. Güclənən Azərbaycan, qüdrətli Azərbaycan, əhalisinin sayı durmadan artan Azərbaycan mənfur düşmənimiz üçün daim qorxu mənbəyidir.
Azərbaycanda hakimiyyət və xalq arasında monolit birlik var.
Xalq Prezidentini sevir. Prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Belə bir ölkənin vətəndaşı olmaqdan hər birimiz qürur duyuruq.
Belə bir ölkənin memarı və qurucusu olan Ulu Öndərin 96-cı ildönümü ərəfəsində Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə məktəblilər arasında “Heydər Əliyev və Azərbaycan Tarixi” mövzusunda referat müsabiqəsinin keçirilmməsini çox təqdirəlayiq haldır. Çünki “Heydər Əliyev və Azərbaycan Tarixi” mövzusunda referat müsabiqəsi şagirdlərimizdə tariximizə, mədəniyyətimizə, keçmişimizə və tarixi şəxsiyyətlərimizə diqqət və marağı artırmaq, onlara elmi araşdırma, tədqiqat, tarixi faktları analiz edib, müəyyən nəticəyə gələ bilmə bacarığı aşılamaq məqsədi daşıyır.
İlqar Abbasov bildirmişdir ki, rayon mərhələsində tariximizin müxtəlif dövrlərini əhatə etməklə 5 mövzu müəyyən edilmiş və 14 fevral - 15 mart 2019-cu il tarixlərində Suraxanı rayonunda fəaliyyət göstərən məktəblərdə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda şagirdlər arasında referat müsabiqəsi elan olunmuşdur.
Məktəblərdən təqdim olunmuş 175 referat rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbsində təşkil olunmuş müstəqil komissiya üzvlərinə təqdim olunmuşdur. Komissiya tərəfindən ilkin olaraq 5 mövzu üzrə 30 ən yaxşı referat seçilmiş, növbəti mərhələdə isə 5 ən uğurlu referat seçilərək şəhər mərhələsinə göndərilməsi qərarı verilmiş və rayon üzrə keçiriləcək elmi-praktik konfransda iştirak hüququ qazanmışdır.
Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanova, müstəqil komissiyanın üzvü, 226 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Cəbiyeva çıxış etdilər.
Sonra isə qalib şagirdlər - 196 №-li məktəbin şagirdi Məmmədli Sibel Sübəhan qızı, 208 №-li məktəbin şagirdi Abbasova Ləman Bəxtiyar qızı, 281 №-li məktəbin şagirdi Mahmudova Vəsilə Rövşən qızı, 285 №-li məktəbin şagirdi Sadıqova Nəzrin Şəmsəddin qızı, 226 №-li məktəbin şagirdi Mirzəcanova Fatma Nazim qızı yazdıqları referatları təqdim etdilər.
Sonda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin rayon mərhələsinin qalib şagirdləri rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışdır.