Suraxanıda “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir keçirilmişdir
Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda və RİH-in 2019-cu il üçün Mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi tərəfindən 2019-cu ilin 16-25 aprel tarixlərində Suraxanı Rayon İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq təsərrüfat obyektlərinin, idarə, müəssisə və təşkilatların mülki müdafiə vəziyyətinin kompleks yoxlanılmasına hazırlıqla əlaqədar müşavirə keçirilmişdir.
Müşavirədə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Sularda Xilasetmə Xidmətinin, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və qəsəbələrin bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının, sənaye müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin nümayəndələri, eləcə də çimərlik operatorları iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Suraxanı rayonunda su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışmış, eləcə də Suraxanı Rayon İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq təsərrüfat obyektlərinin, idarə, müəssisə və təşkilatların mülki müdafiə vəziyyətinin kompleks yoxlanılmasına hazırlıqla əlaqədar müşavirə iştirakçılarına lazımi tapşırıq və tövsiyələrini vermişdir.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun əməkdaşı Müvəssil Allahverdiyev “Yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması” mövzusunda məruzə ilə çıxış etmişdir. Müşavirədə Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəis müavini Elçin Cabbarovun “Əhalinin istirahətinin təşkili məqsədi ilə çimərlik sahələrində görülən işlər”, Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 11 saylı Bölməsinin müdiri Leyli Qurbanovanın “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, Suraxanı Rayon Gigiyena və Epideomologiya Mərkəzinin direktoru Züleyxa Səmədovanın “Dəniz suyunun təmizlik vəziyyəti”, Suraxanı Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis kapitanı Vüqar Abbasovun “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzularında məruzələri dinlənilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar bəzi məsələləri müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır.
Gözlənilmədən baş verə biləcək hadisələrə qarşı hazırlıqlı olmaq, bu sahədə sığortanın əhəmiyyətli rolu haqqında Suraxanı RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanoğlan Allahverdiyev məlumat vermişdir.
Daşınmaz əmlakın icbari sığortası ilə bağlı çıxış edən Dövlət Sığorta Kommersiya Şirkətinin Suraxanı Rayon filialının direktoru Həbib Orucov sığortalanmanın bugünkü vəziyyəti haqqında məlumat verərək bildirmişdir ki, əhalinin bu sahəyə marağı çox azdır.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son vaxtlar baş verən hadisələri: Şamaxı rayonunda zəlzələ və “Diqlas” ticarət mərkəzindəki yanğınları qeyd etmiş və belə hallarda sığortanın əhəmiyyəti, vacibliyi, onun üstün cəhətləri, sosial-iqtisadi mahiyyəti barədə bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Yekun sözü ilə çıxış edən Bakı Regional Mərkəzi rəisinin müavini, general mayor Kamil Bağırov tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmişdir.
Tədbirdə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” ilə bağlı videoçarx nümayiş olunmuş və iştirakçıların suallar cavablandırılmışdır.