Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Aprel zəfərinin növbəti ildönümü təntənəli qeyd edilir

05 aprel 2019 | 16:00

Aprel zəfərinin növbəti ildönümü rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində, idarə və təşkilatlarında silsilə tədbirlərlə qeyd olunur. Növbəti təntənəli tədbir Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin, YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzdə keçirilmişdir.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Aprel zəfərinin iştirakçıları, ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmişdir.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Aprel hadisələrində, eyni zamanda ölkəmizin ərazi bütövlüyünü təmin olunması yolunda şəhid olmuş oğul və qızlarımızın, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına  dünyasını dəyişmiş hərbiçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev bu il aprelin 2-də Müdafiə nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüşdə vurğulamışdır ki, bu günlər Azərbaycan ictimaiyyəti 2016-cı ilin aprelində baş vermiş və ordumuzun şəksiz qələbəsi ilə nəticələnmiş məşhur “dördgünlük müharibə”nin üçüncü ildönümünü qeyd edir. Özü də böyük qürur hissi ilə. Çünki bu döyüşlər zamanı Ermənistan ordusu Azərbaycan əsgərinin gücü qarşısında sarsılaraq, döyüş meydanını qoyub qaçmış, ciddi məğlubiyyətə uğramışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, Aprel döyüşləri Azərbaycan dövlətinin, xalqının və Ordusunun Ermənistan üzərində hərbi, siyasi, psixoloji, mənəvi qələbəsidir. Qürurverici haldır ki, həmin hadisələrin baş verdiyi vaxt Azərbaycan vətəndaşları hərbi xidmətə getmək, döyüşə atılmaq üçün qoşunların təmas xəttinə axışdığı zaman ermənilər nəinki səngəri, hətta döyüş bölgəsindən xeyli uzaqda olan evlərini tərk edərək qaçmışdır. Azərbaycan tarixinin qürurverici səhifələrindən biri olan 2016-cı il Aprel zəfəri Azərbaycan Respublikasının Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusunun hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə qüdrətli ordular sırasında olduğunu bir daha göstərmişdir.
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına qarşı uğurlu əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan Ordusu minlərlə hektar torpağı işğaldan azad etmiş, strateji cəhətdən mühüm ərazilərə sahib olmuşdur. Aprel zəfəri ilə azad edilmiş torpaqlarımıza “Böyük qayıdışın” başlanmasının əsası qoyulmuşdur. Cocuq Mərcanlı bunun bariz nümunəsidir. Güclənən Azərbaycan, qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri düşmən üçün daim qorxu mənbəyidir.
Tədbirdə Aprel zəfərinin iştirakçıları polkovnik Elşən Qarayev, kapitan Elnur Əmirov, baş leytenant Loğman Məmmədov,   gizir Elməddin Ağayev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin rəisi Vüsal Həsənov, YAP Suraxanı Rayon Təşkilatı aparatının əməkdaşı, Gənclər Birliyinin üzvü Ənvər Haqverdiyev çıxış etdilər.
Tədbiri yekunlaşdıran İlqar Abbasov qeyd etdi ki, Aprel zəfəri Ermənistan ordusunun yüksək döyüş ruhuna malik olması ilə bağlı erməni təbliğat maşınının illərlə formalaşdırdığı mifi dağıtdı. Böyük dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini müdafiə etdilər. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətdə fəaliyyətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyi bütün dünyaya bəyan olundu.
Həmin döyüşlərdə həlak olmuş qəhrəman Vətən oğullarının – şəhidlərimizin ailələri, yaralanmış əsgər və zabitlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin reabilitasiyası diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva vətən yolunda qəhrəmanlıq göstərərək sağlamlığını itirən zabit və əsgətlərə daim diqqət və qayğı göstərir. Hər il olduğu kimi bu il də yüksək texnologiyalı protezlə təmin olunan hərbiçilərlə görüşmüşdür. Mehriban xanım Əliyevanın hərbiçilərlə görüşü bir daha göstərir ki, dövlətimiz, xalqımız üçün hər bir əsgər əziz və dəyərlidir.
Tədbir bu sözlərlə yekunlaşdı: Bu gün ordumuzun hərbi-vətənpərvərlik ruhu özünün pik nöqtəsindədir. Hakimiyyət və xalq arasında monolit birlik var. Xalq Prezidentini sevir, Prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Məhz bu reallıq ölkəmizdə siyasi sabitliyin formalaşmasını təmin edən başlıca amilə çevrilmişdir.
Aprel zəfəri dövlətimizin və Milli Ordunun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Qələbə bizimlədir!
Sonda məktəblilərin hazırladığı bədii hissə təqdim olundu.

 

Keçidlər