Suraxanı rayonunda YAP-ın 21-ci ildönümü qeyd edilmişdir
Suraxanı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası(YAP) Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə partiyanın yaradılmasının 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət etmiş və önünə tər güllər qoymuşlar.
Sonra YAP Suraxanı rayon təşkilatının qərargahında tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov partiyanın keçdiyi yoldan, respublikamızın ictimai-siyasi həyatında oynadığı roldan, ümummilli lider Heydər Əliyevin partiyanın formalaşmasında, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, ölkənin sosial-iqtisadi tərəqqisində xidmətlərindən ətraflı danışmışdır.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov çıxışında bildirmişdir ki, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ulu öndər Heydər Əliyevin sonralar qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası ovaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır.
İ. Abbasov ötən 21 il ərzində YAP-ın keçdiyi şərəfli inkişaf yolundan danışaraq demişdir ki, 1990-cı illərin əvvəlində-çox ağır bir zamanda Azərbaycan xalqı dövlətin xilası üçün ulu öndər Heydər Əliyevə üz tutmuşdur. 1992-ci il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən YAP müasir Azərbaycanın inkişafının əsasını qoymuşdur. YAP-ın yaranması, ulu öndər Heydər Əliyevin partiyaya sədr seçilməsi insanların gələcəyə olan ümidinin möhkəmlənməsinə yol açmışdır.
Milli Məclisin deputatları Mübariz Qurbanlı, Ağacan Abiyev çıxışlarında bildirmişlər ki, tarixi zərurətdən yaranan YAP ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanı düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan xilas edən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz qısa zaman kəsiyində böyük inkişafa nail olmuşdur. Bu gün partiyaya rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi, siyasi, mədəni və digər sahələrdə ölkəmizin inkişafı istiqamətində mühüm işlər görmüşdür. Azərbaycan gündən-günə sürətlə inkişaf edir. Məhz bunun nəticəsidir ki, ötən ay keçirilən prezident seçkilərində İlham Əliyev yenidən böyük səs çoxluğu ilə Prezident seçilmişdir.
Tədbirin sonunda Suraxanının ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup partiya fəalına fəxri Fərman, habelə YAP-ın sıralarına yeni qoşulanlara üzvlük biletləri təqdim edilmişdir.