Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunun nümayəndələri Memorial Soyqırımı Muzeyi ilə tanış olmuşlar

29 mart 2019 | 16:00

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, YAP Suraxanı rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyi ilə tanış olmuşlar.
Suraxanı rayonunun nümayəndələri əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında Ulu Öndərin büstünü ziyarət etmiş, sonra isə muzeylə tanış olmuşlar.
Məlumat verilmişdir ki, XX əsrin əvvəllərində erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində xalqımıza qarşı soyqırımı törətmişlər. Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə Respublika Hərbi Prokurorluğunun təşəbbüsü bəyənilərək 2013-cü il iyulun 19-da Baş prokuror Zakir Qaralov tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyinin yaradılması barədə əmr imzalanmışdır. Həmin əmrin icrası ilə əlaqədar Respublika Hərbi Prokurorunun müvafiq Sərəncamına əsasən işçi qrupu yaradılmışdır. İşçi qrupu tərəfindən qısa müddətdə toplanmış zəngin tarixi sənədlər, faktlar və istintaq materialları əsasında Memorial Soyqırımı Muzeyi yaradılmış və 24 fevral 2014-cü il tarixdə Muzeyin açılışı olmuşdur. Muzey XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə Azərbaycanlının xatirəsinə həsr edilmişdir.
Muzey 4 bölmədən - tarix, deportasiya-repressiya, soyqırımı və terror bölməsindən ibarətdir. Muzeyin girişində asılmış rəsm əsərləri ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. Muzey xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə təchiz olunmuşdur. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılmışdır. Həmçinin muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci il fevralın 26-da Prezident cənab İlham Əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində ucaldılmış “Ana fəryadı” abidəsinə keçirilmiş yürüşünün irihəcmli fotoşəkli yerləşdirilmişdir.
Muzeyin tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağıdılıb viranə qoyulmuş görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərin və imzaladıqları sərəncamların nümayiş etdirildiyi guşə də yaradılmışdır. Həmçinin muzeydə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrdə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Rusiya imperiyası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələri, “Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin deportasiya və sürgün mərhələsi” kompozisiyası, 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli şəxsiyyətləri haqqında cinayət işlərindən götürülmüş fraqmentlər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasını əks etdirən fotoşəkillər sərgilənir.
Muzeyin soyqırımı və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunu əks etdirən maket və fotolar, habelə digər eksponatlar yerləşdirilmişdir.
Həmin bölmədə 1992-ci il fevralın 26-da Xocalını və ətraf əraziləri özündə əks etdirən 1:7500 miqyasında maket qurulmuşdur. Respublika Hərbi Prokurorluğu tərəfindən aparılmış ibtidai istintaq materiallarına uyğun olaraq hücum zamanı erməni silahlı birləşmələri və 366-cı alayın bölmələrinin yerləşdiyi ərazilər və onlar tərəfindən xüsusi amansızlıqla kütləvi qətlə yetirilmiş dinc əhalinin meyitlərinin olduğu yerlər də maketdə öz əksini tapmışdır.
Bölmədə fakt üzrə aparılan cinayət işinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri sübut edən əşyalar, ekspert rəyləri, ifadələr, meyitlərin fotoşəkilləri və eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrində cinayətin izlərini özündə əks etdirən əşyalar yer almışdır. Muzeyin eksponatları arasında bütünlüklə qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların fotoşəkilləri və əşyaları da yer almışdır.
Tədbirin sonunda mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycanlıların soyqırımı və deportasiyası ilə bağlı çıxışlarını, sərəncamlarını, habelə həmin faktları özündə əks etdirən sənədli filmlərdən ibarət videoçarxa baxmışlar.
Qeyd olunmuşdur ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir.
Memorial Soyqırımı Muzeyinə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi təqdim olundu.
Suraxanı rayonunun nümayəndələri Memorial Soyqırımı Muzeyindən zəngin təəssüratlarla ayrımışlar.

Keçidlər