Suraxanıda sanitar təmizliyin vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib
Suraxanı Rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonun sanitar təmizliyinin vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.
Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində nəzərdə tutulmuş məsələlər geniş müzakirə olunub. Mövcud nöqsanları əks etdirən fotomateriallar nümayiş etdirilib, çatışmazlıqlar müzakirə olunaraq onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələ ciddi nəzarətə götürülüb. Bildirilib ki, nöqsanların bəziləri aradan qaldırılıb, digərləri barədə isə qısa müddətdə tədbir görüləcək.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bir sıra digər vəzifəli şəxslərə xəbərdarlıq edərək, nöqsanların tam aradan qaldırılması üçün müvafiq tapşırıq verib.
Müşavirədə RİHB-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səfa İmanov tutduğu vəzifədən azad olunub. RİHB-nin Hövsan və Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri Ağasəlim Əliyevə, Vilayət Əmirova və Suraxanı Rayon MKTB-nin rəisi Mais Məmmədova isə xəbərdarlıq edilib.
Rayonda aprel ayı “Təmizlik ayı” elan olunub və rayon İcra Hakimiyyətinin başçısı Sərəncamı ilə tədbirlər planı təsdiq edilib.
Rayonda sanitar təmizliklə bağlı sakinlər arasında davamlı maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.