“Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Suraxanıda məktəblilərin təntənəli yolasalma mərasimi olmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə artıq altıncı ildir ki, orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin "Ölkəmizi tanıyaq” devizi altında ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarına tur-aksiyaları təşkil olunur.
“Ölkəmizi tanıyaq” tur-aksiyaların növbəti mərhələsində 23 mart 2019-cu il tarixdə Suraxanı məktəblilərinin Naxçıvan Muxtar Respublikasına təntənəli yolasalma mərasimi olmuşdur.
“Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Suraxanı rayon məktəbliləri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, “Ölkəmizi tanıyaq” tur-aksiyaları haqqında filmi izləmişlər.
Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə 10 tur-aksiya təşkil edilmişdir. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 23 min 444 nəfər iştirak eimişdir. Onlardan 393 nəfəri Suraxanı məktəblisi plmuşdur.
Martın 15-18 və 23-26 tarixlərini əhatə edən növbəti 11-ci tur-aksiyada isə 6 istiqamət üzrə Naxçıvan MR-sı, 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3370 nəfər iştirak edir. Bununla da, "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 26 mindən çox olacaq.
Bu tur-aksiyada Suraxanı məktəbliləri Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər. Beş minillik şəhər mədəniyyəti ənənələrinə malik olan qədim Naxçıvan Azərbaycanın bütövlükdə Qafqazın və dünyanın sivilizasiya xəzinəsinə dəyərli töhfələr vermişdir. Bir vaxtlar əzəmətli keçmişini yalnız tarixi abidələri ilə xatırladan Naxçıvan bu gün hamını heyran qoyan inkişaf diyarına çevrilib. İndi Naxçıvanı, sözün həqiqi mənasında, Azərbaycanın inkişaf dinamikasının əyani göstəricisi hesab etmək olar.
Bu gözəl diyarda inkişafın təməli Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da zənginləşmişdir.
Rayon rəhbəri vurğulamışdır ki, bu tur aksiyada Suraxanı məktəbliləri blokada şəraitində intibah yaradan müasir Naxçıvanla tanış olacaq, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında ətraflı məlumat alacaq, Naxçıvanda bu günədək qorunub saxlanılan və bərpa olunan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, “Əshabi-Kəhf” ziyarətgahı və digər qədim abidələr, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev-muzeyləri ilə tanış olacaqlar.
Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Heydər Əliyev hava limanına yola düşmüşlər.