Suraxanıda Qurban bayramı geniş qeyd edilmişdir
15 - 16 oktyabr 2013-cü il tarixdə müsəlman dünyasının ən əziz bayramlarından biri olan Qurban bayramı Suraxanı rayonunda da geniş qeyd edilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 mindən yuxarı ailəyə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi iştirakçılarına, şəhid, aztəminatlı ailələrə, ahıl və tənha sakinlərə, rayonda məskunlaşmış məcburi köçkünlərin bir qisminə qurban sovqatı paylanmışdır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli internat məktəbində, 2 saylı uşaq evində tədbirlər təşkil olunmuşdur.
Rayonun Hövsan, Zığ, Qaraçuxur, Əmircan, Bülbülə, Yeni Suraxanı qəsəbələrində təşkil olunmuş xeyriyyə tədbirlərində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİH-in məsul işçiləri, bələdiyyə sədrləri, üzvləri iştirak etmişlər.
Rayon rəhbəri dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik, saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibəti ilə rayon sakinlərini təbrik etmiş, xoş arzularını çatdırmışdır.