Görkəmli şair Səməd Mənsurun 140 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirildi
Yanvarın 31-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsindəki Mədəniyyət evində Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli şair Səməd Mənsurun (1879-1927) 140 illiyinə həsr olunmuş “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçirildi.
Tədbirdə Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Səməd Mənsur. Biblioqrafiya”, Yadigar Əsgərovanın “Səməd Mənsur. Həyatı və yaradıcılığı” və akademik Nizami Cəfərovun Türkiyədə çap olunan “Samed Mansurun şiiri” kitablarının təqdimatı da oldu.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, mədəniyyət, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət evinin foyesində “Səməd Mənsur 140” başlığı altında təşkil olunmuş kitab sərgisinə və şairlə bağlı eksponatların sərgisinə baxdılar.
Tədbirin aparıcısı – Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Səməd Mənsurun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Bildirdi ki, Səməd Hacı Əhməd oğlu Kazımov Bakının Əmircan qəsəbəsində doğulub. Rus-müsəlman məktəbində təhsil alıb, rus, ərəb və fars dillərini mükəmməl öyrənib. “Mənsur”, “Səməd Mənsur” təxəllüsləri ilə şeirlər yazıb.
Xalq yazıçısı Anar görkəmli ədibin Azərbaycan ədəbiyyatına bəxş etdiyi əsərlərin əhəmiyyətindən danışdı: “Səməd Mənsur ədəbiyyatımızın ən böyük simalarından biridir. Şairin yaradıcılığı vasitəsilə nə qədər böyük sima olduğunu dərk edirik. Onun şairlik fəaliyyəti satirik və lirik istiqamətdə olub. Şair klassik şeirlərlə yanaşı, əsasən satirik əsərlər yazıb, ictimai bəlaları tənqid edib”.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğuladı ki, Səməd Mənsur yaradıcılığı ilə ədəbiyyatımızın görkəmli simalarındadır. Sənətkar yaşadığı mühitdə riyakarlar, məsləksizlər arasında sanki üsyan qaldırırdı. Həyatının bir dönəmi XX əsrin mürəkkəb ictimai-siyasi prosesləri dövrünə düşən şair haqsızlıqlarla heç zaman barışmayıb. Milli azadlıq, milli mənlik, ana dili məsələləri Səməd Mənsur yaradıcılığının ana xəttini təşkil edir.
Qeyd edildi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra görkəmli maarifçi, şair və publisist Səməd Mənsurun da xatirəsinin əbədiləşdirilməsi istiqamətində xeyli işlər görülüb. Yaradıcılığı haqqında tədqiqat əsərləri çap edilib.
Filologiya elmləri doktoru Şirindil Alışanlı Səməd Mənsurun həyat və fəaliyyətinə nəzər salaraq vurğuladı ki, sovet dövründə onun yaradıcılığı bir qədər kölgədə qalıb. Əsərlərinin çap olunmasına icazə verilməyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Səməd Mənsurun yaradıcılığı haqqında Xalq yazıçısı Anarın, akademik Nizami Cəfərovun, tədqiqatçı alim Yadigar Əsgərovanın məqalələri, kitabları işıq üzü gördü. Bundan sonra daha geniş ictimaiyyət görkəmli şairi tanımağa başladı.
Tədbirin bədii hissəsində Bakı Uşaq Teatrının aktyorları iştirak edib. İlqar Fəhminin ssenarisi əsasında hazırlanmış ədəbi-bədii kompozisiyada Səməd Mənsur obrazını Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan canlandırıb. Kompozisiyada aktyorlardan Mehman Piriyev, Qurban Əhmədov, Nərminə Məhərrəmova, Elçin Cəfərov çıxış edib.
Musiqi tərtibatı Rauf Hüseynliyə, kompozisiyanın səhnə tərtibatı Sevda Məmmədovaya məxsusdur.
Tədbirdə Səməd Mənsurun şeirləri səsləndirildi, incəsənət ustalarının ifasında ədəbi-bədii kompozisiya təqdim edildi, şairin sözlərinə bəstələnmiş mahnılar ifa olundu.