Suraxanıda Beynəlxalq Müəllim günü qeyd edildi
5 oktyabr 2013-cü il tatixdə öncəki illərdə olduğu kimi, Suraxanı rayonunda Beynəlxalq Müəllim günü münasibəti ilə geniş tədbir keçirilmişdir. Rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun qatıldığı tədbirdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən rayon məzunları da iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə tər güllər qoymuşlar. Sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında Beynəlxalq Müəllim günü münasibəti ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunub, böyük hörmətlə, yüksək ehtiramla çəkilib. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, bu gün hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, son illər ərzində təhsil sahəsində də çox ciddi irəliləyişlər, nəzərə çarpacaq uğurlar əldə edilib. Bu uğurlar hər birimizi sevindirir və fərəhləndirir. Uğurla həyata keçirilən təhsil islahatları ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm göstərilməsindən, elmin, təhsilin səviyyəsinin dünya səviyyəsinə qaldırılması istiqamətində görülən uğurlu işlərdən xəbər verir. Dövlət başçısının hər il beynəlxalq müəllim günü ərəfəsində onlarla müəllimi fəxri ada, dövlət təltiflərinə layiq görməsi onun təhsil və elm sahəsində çalışan çoxsaylı ziyalılara yüksək rəğbət və etimadını nümayiş etdirir.
Son illər milli təhsil sisteminin məzmununda baş vermiş əsaslı keyfiyyət dəyişiklikləri, müasir dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, Avropa təhsil məkanına inteqrasiya, bu sahədə özünü göstərən obyektiv problemlərin aradan qaldırılması ölkəmizdə reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmiş, insan kapitalının möhkəmlənməsinə xidmət edən ümumtəhsil hərəkatı güclənmişdir.
Bu gün Azərbaycanda təhsil sistemi tam yeni bir mühitdə fəaliyyət göstərir. Müstəqil dövlət quruculuğunun mühüm amillərindən biri olan milli təhsil sahəsində beynəlxalq standartlara uyğun fundamental islahatların aparılmasına, təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişaf etdirilməsinə geniş imkanlar yaradılmışdır. Ölkə iqtisadiyyatının dinamik inkişafı təhsilin inkişafı üçün əlverişli şərait yaratmışdır.
Rayon rəhbəri öz çıxışında Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında, elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında, dünya miqyasında tanınmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəyərli fəaliyyətini xüsusi vurğulamışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Suraxanı rayonunda da təhsil sahəsində bir çox işlər görülmüşdür. 640 şagirdlik 327 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilmiş və keçən tədris ilində şagirdlərin istifadəsinə verilmişdir. 4 korpusdan və zirzəmidən ibarət binanın ümumi sahəsi 7 min 455 kvadratmetrdir. Məkdəbdaxili simsiz internet xidməti təmin olunmuş, MDB məkanında orta tədris sistemində ilk dəfə olaraq “Smart sinif” açılmışdır. Smart sinif otağında quraşdırılmış Simsiz şəbəkə, Rəqəmsal podium, İnteraktiv Smart LCD, Planşet komputer və digər avadanlıqlar kompleks şəkildə interaktiv tədrisə imkan yaradır və tədris prosesini gücləndirir.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ümumilikdə rayonda 16 məktəb əsaslı təmir olunmuş, 13 məktəb üçün 5460 şagirdlik 273 sinif otağı, müasir tələblərə cavab verən 640 şagirdlik 1 məktəb binası tikilmişdir.
Təhsildə uğurlardan danışan rayon rəhbəri bildirmişdir ki, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri başlanan dövrdən Suraxanı rayonu üzrə 10 məktəb "Ən yaxşı ümumtəhsil məktəbi" olmuş, 11 müəllim isə "Ən yaxşı müəllim" adını qazanmışdır.
Suraxanı rayonu üzrə 2012-2013-cü tədris ilində 1899 nəfər tam orta təhsil haqqında attestat almış, onlardan 1631 nəfəri ali məktəblərə sənəd vermiş və 992 nəfəri, yəni imtahanda iştirak edənlərin 60,8 faizi tələbə adını qazanmışdır. 4 məzun orta məktəbi qızıl medalla bitirmişdir. Abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplamışdır. Yüksək balla ali məktəbə daxil olmuş 5 məzun Prezident təqaüdçüsü adına layiq görülmüşdür.
278 nömrəli məktəbin 9 məzunu, 275 nömrəli məktəbin 6 məzunu, Xarici Dillər Təmayüllü Gimnaziyanın 5 məzunu, 270 nömrəli məktəbin 4 məzunu 600-dən yuxarı bal toplamışdır.
Respublika üzrə keçirilən “Şahin” hərbi-idman yarışında 76 nömrəli məktəb üçüncü yeri, “Cəsurlar” hərbi-idman və turizm yarışlarında isə 285 nömrəli məktəb ikinci yeri tutmuşdur.
Hər il olduğu kimi bu il də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə keçirilən gül bayramında rayonun məktəbləri çox fəal şəkildə iştirak etmişdir. “Gül bayramı”nda şagirdlərimiz özlərinin yaradıcı əl işlərini yüksək səviyyədə nümayiş etdirmişlər. 87 və 317 nömrəli məktəblərin, 2 nömrəli Uşaq evinin şagirdlərinin hazırladıqları gül geyimləri, 76, 79, 104, 114,196, 275, 279, 282, 285, 315, 316, 327 nömrəli məktəblərin, Xarici Dillər Təmayüllü Gimnaziyanın, 2 nömrəli uşaq evinin, 48 nömrəli Tərbiyə iş mərkəzinin şagirdlərinin və kollektivlərinin hazırladıqları gül-çiçək kompozisiyaları, tətbiqi sənət nümunələri, 85 nömrəli məktəbin şagirdlərinin asfalt üzərində çəkdikləri gül rəsmlərini xüsusi diqqət çəkmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva,Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi Elşad Məmmədli, 275 nömrəli məktəbin direktoru Elmira İsmayılova, 279 nömrəli məktəbin direktoru Oqtay Səmədov, 318 saylı məktəbin müəlliməsi Ülviyyə Həsənova, prezident təqaüdçsü Əlişram Ələkbərov təhsilə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə öz dərin təşəkkürlərini bildirmişlər.
Müəllim günü münasibəti ilə təhsil sahəsində qazandığı uğurlar və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər, onlara qiymətli hədiyələr verildi.
Sonda şagirdlərin ifasında bədii hissə göstərildi.