Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda «20 Yanvar» faciəsi anılır

17 yanvar 2019 | 16:00

Qanlı «20 Yanvar» faciəsinin 29-cu ildönümü ilə bağlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonunda silsilə tədbirlər davam edir. Rayonun 281, 101, 118, 140, 232, 275 nömrəli tam orta məktəblərində də "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda xatirə anım mərasimləri keçirilmiş, məktəblilər arasında inşa yazı, şeir və rəsm müsabiqələri təşkil edilmişdir.
Növbəti belə tədbirlərdən biri də rayonun səhiyyə işçilərinin iştirakı ilə 13 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilib. Əvvəlcə «20 Yanvar» şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükut yad edilib.
Tədbirdə 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Sidiqə Məmmədova faciə ilə bağlı çıxış edərək bildirdi ki, 1990-cı ildə Bakıda «20 Yanvar» və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi: ”Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, xalqımıza qarşı soyqırımı və azərbaycanların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Sovet Ordusunun xüsusi təyinaylı bölmələrinin və Daxili Qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşahidə edildi. 1990-cı il yanvarın 19-da M.S.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.
Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19:27-də Azərbaycan Televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Qorbaçovun fərmanı qüvvəyə minənədək yanvarın 20-də saat 00:00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də Respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüş, onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almış, 4 şəxs itkin düşmüş, 400 nəfər isə həbs edilmişdi. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir.
Eyni zamanda, fövqəladə vəziyyət elan edilməmiş rayonlarda – Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü”. 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Şəfa Yusifova, 8 saylı Uşaq Poliklinikasının həkimi Mehriban Hüseyinova söylədilər ki, Sovet İmperiya qoşunlarının xalqımıza qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq: “Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. M.S.Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi Bakıda “ rus və erməni kartı”ndan məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremist”lər tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində bu, açıq riyakarlıq və ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada Daxili Qoşunların 11, 5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı Qarnizonunun çoxsaylı hərbi hissələri, Hava Hücumundan Müdafiə Qüvvələri var idi. Hətta 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi”.
Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev söylədi ki, həmin gün qətliamla bağlı məlumatlar verilməsin deyə, televiziyanın enetji bloku partladıldı: “Faciə ilə bağlı heç bir məlumat verilmədi. Lakin «20 Yanvar» günü ulu öndər Heydər Əliyev Moskva şəhərində Azərbaycan Səfiriliyinə gəlib, «20 Yanvar» faciəsini dünya ictimaiyyətinə çatdırdı. M. Qorbaçovun və eləcə də onun əlaltılarının əlinin Azərbaycan xalqının qanına batdığını dedi və Sov. İKP sıralarından istefa verdi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, Milli Azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi: “Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bakının ən yüksək nöqtələrinin birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, «20 Yanvar» qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüçlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir.
Fəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq...

Keçidlər