Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir

16 yanvar 2019 | 16:00

“20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 13.12.2018-ci il tarixli 122 №-li və “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14.12.2018-ci il tarixli 526 №-li sərəncamlarının icrasının təmin edilməsi, həmçinin Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin yad edilməsi  məqsədi ilə  Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 200 №-li, 24.12. 2018-ci il sərəncamı ilə “20 yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün Suraxanı rayonunda keçirilməsi ilə bağlı tədbirlər planı”  təsdiq edilmişdir.
Tədbirlər planına uyğun  olaraq rayonun bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı ərazilərdə abadlıq və təmizlik işləri aparılır. “Şəhidlər xiyabanı”, rayondakı şəhid məzarları və onların xatirəsinə ucaldılmış abidələr rayon ictimaiyyəti tərəfindən ziyarət olunur.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda xatirə anım mərasimləri keçirilir, məktəblilər arasında inşa yazı, şeir və rəsm müsabiqələri təşkil edilir.
Növbəti xatirə tədbiri “Suraxanı Maşınqayırma Zavodu” TASC-də keçirilmişdir. Tədbirin əvvəlində bir dəqiqəlik sükutla 20 Yanvar faciəsinin şəhidləri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini yad edilmişdir.
Tədbiri TASC-nin idarə heyətinin sədri Arif Babayev giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqlal savaşının, milli iradə və azadlığının təntənəsi olduğunu bildirib. Natiq həmin gün keçmiş SSRİ ordusunun Bakıya yeridilməsi nəticəsində dinc və günahsız, silahsız insanların öldürüldüyünü, yaralandığını və qanunsuz həbs  edildiyini söyləyib. Arif Babayev, həmçinin faciəyə ilk siyasi münasibəti ümummilli lider Heydər Əliyevin bildirdiyini, ulu öndərin qanlı hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda bu dəhşəti törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini söyləyib.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Nazim Fətullayev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl addımlar atıldığını vurğulayıb.
Şəhidlərimizin xatirəsinin daim ehtiramla anıldığını qeyd edən Nazim Fətullayev bildirib ki, hələ uzun illər boyu bu faciə xalqımızın qan yaddaşında milli qürur və şərəf günü kimi yaşayacaq, yeni nəsli qəhrəmanlıq dastanları yazmağa ruhlandıracaq.
Tədbirində TASC idarə heyəti sədrinin müavini Qafqaz Vəliyev, sədrin köməkçisi Məşkur Mirzəyev və şöbə rəisi Bəhrəm Dadaşov  çıxış edərək bildiriblər ki, keçmiş sovet dövlətinin hərb maşınının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən öz mənzillərində güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınları və tibb işçiləri də atəşə məruz qalırdılar. Qanlı hadisələr zamanı 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilmişdi.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri, eyni zamanda, “Suraxanı Oyl Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində, 118,  232, 89, 316, 85, 87, 270, 315, 316, 317 tam orta məktəblərdə də keçirilmişdir.
Rayonda anım tədbirləri davam edir.

Keçidlər