Suraxanıda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir.
Dekabrın 27-də “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Suraxanı rayonu, Elman Qasımov 15, 15A, 15B, 15V ünvanında 540 ailənin - 1942 nəfər sakinin məskunlaşdığı binaları əhatə edir.
Açılış mərasimində son dövrlər rayonda aparılan abadlıq-quruculuq işlərindən danışan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsinin əhəmiyyətindən danışdı.
İlqar Abbasov qeyd etdi ki, bu gün respublikamızın hər yerində müşahidə edilən abadlıq-quruculuq işləri Suraxanıda da özünü qabarıq şəkildə büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlardır.
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan, 13000 m² sahəsi olan bu həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə 200 m² ərazidə uşaq oyun elementləri, 300 m² - mini futbol və basketbol, 155 m² - idman-fitnes meydançaları salınıb və yaşlı sakinlər üçün ahıllar guşəsi və 4 ədəd söhbətgah tikilib. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac və kol əkilmiş, 3000 m2 ərazidə qazon salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.
IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov bildirdi ki, “Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
Sakinlər yaradılan şəraitə görə dövlət başçısı cənab İlham Əliyevə, Azərbaycanını birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Suraxanı rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan on birinci həyətdir.
Sonra yeni salınmış abad həyətdə ağacəkmə aksiyası həyata keçirildi.