Suraxanı rayonunda 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib
11 dekabr 2018-ci il tarixində Suraxanı Rayon İcra Hakimiyyətində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında qarşısında duran vəzifələrə həsr olunmuş rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilmişdir. Şura iclasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Şəhər Təsərrüfatı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentin sədri Rəfail Mehralıyev, Bakı və rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, sənaye müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin rəhbərləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Şura iclasında çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, rayon təsərrüfatının payız-qış mövsümünə hazırlanması Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin daim prioritet istiqamətlərindən biri olmuş, bununla bağlı zəruri tədbirlərin həyata keçirilməsi üçün bir sıra işlər görülmüşdür. Mövsümə hazırlıqla əlaqədar rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub.
Tədbirlər planında istilik qazanxanalarının, eləcə də əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təmin olunması, mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin keyfiyyətli istiliklə təchiz edilməsi, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış mövsümündə nəqliyyatın normal fəaliyyəti üçün küçə və yolların işlək vəziyyətdə saxlanılması, yanğın təhlükəsizliyi ilə bağlı zəruri tədbirlərin görülməsi və s. kimi işlər nəzərdə tutulmuşdur.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə məlumat verən Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının müavini Etibar Yolçiyev bildirdi ki, cari ildə rayon ərazisində həyata keçirilən müvafiq proflaktik tədbirlər və təmir işləri ilə yanaşı müxtəlif diametrli 21 000 p.m. su, 1 140 p.m. kanalizasiya, 5 490 p.m istilik, 6 000 p.m. qaz, 5 750 m elektrik xətləri çəkilmiş, 3 ədəd KTM quraşdırılmış, 2 526 ədəd su, 8 554 ədəd elektrik, 7 995 ədəd qaz sayğacı quraşdırılmışdır. Hazırda rayon ərazisində "Azərsu" ASC tərəfindən 256 çoxmərtəbəli binada mövcud su xətləri zirzəmilərdən kənarlaşdırılmışdır.
Hazırda Yeni Günəşli yaşayış sahəsində rayonun infrastrukturu üçün xüsusi əhəmiyyətə malik olan istismar müddəti bitmiş 273 mm-lik 5 300 p/m yeraltı polad qaz xəttinin 315 mm-lik polietilen qaz xətti ilə, 1 250 p/m su xəttinin isə yenisi ilə əvəz olunması işləri davam etdirilir. Həmçinin Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində 40-dan artıq fərdi yaşayış evindən uzun illərdir yol kənarına axıdılan çirkab sularının yaratdığı gölməçələr 580 p/m yeni kanalizasiya xətti çəkilərək qurudulmuş, 3,0 ha-ya yaxın ərazi qamışlıqlardan təmizlənmiş, suvarma şəbəkəsi qurularaq 1 550 kv.m qazon salınmış, 1 200 ağac, 45 ədəd dekorativ kol əkilmişdir. Həmin ərazidə daha 1 500 ağacın əkilməsi nəzərdə tutulmuşdur.
Görülən işlər nəticəsində hazırda rayon əhalisinin 100%-i elektrik enerjisi, 98%-i məişət qazı, 40%-i fasiləsiz olmaqla 97%-i su ilə təmin olunur.
Mənzil-kommunal birlikləri tərəfindən balanslarında olan yaşayış binalarının dam örtüklərinin, pilləkən qəfəslərinin təmiri, zirzəmilərin çirkab sulardan təmizlənməsi işləri davam etdirilmiş, mühəndis-kommunikasiya sistemlərinin, lift təsərrüfatının işlək vəziyyətdə olması daim nəzarətdə saxlanılmışdır.
Bu sahədə görülmüş işlər nəticəsində binalarda 46 000 kv.m. dam örtüyü təmir edilmiş, əsaslı təmirinə başlanılmış 67 girişin 61-ində işlər başa çatdırılmış, binalarda 43 500 m2 fasad hissə emulsiya ilə rənglənmiş, girişlərə 83 kod açarlı dəmir qapı quraşdırılmış, pilləkən qəfəslərində 503 ədəd pəncərə dəyişdirilmiş, zirzəmilərin sıradan çıxmış qapıları bərpa olunmuş, 280 p/m tüstü bacası təmizlənmiş, binalarda yağış sularının axıdılması üçün 315 p.m. xətt təmir edilmişdir.
Eyni zamanda rayonun qəsəbələrarası, məhəllədaxili və mərkəzi küçələrdə müxtəlif mənbələr hesabına 50 min kv.m asfalt örtüyü salınmışdır.
2018-2019-cu illərin payız-qış mövsümündə nəqliyyatın sərbəst və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Suraxanı rayonunun yol, prospekt və küçələrinin qardan təmizlənməsində iştirak edəcək 1 və 7 №-li Yol İstismarı” MMC-lərə, Suraxanı RMKTB-yə, digər idarə və müəssisələrə məxsus maşın və texnikalar hazır vəziyyətə gətirilmiş, payız-qış mövsümündə əsasən nəqliyyatın hərəkətində problem yaranan küçələr müəyyənləşdirilərək nəzarətə götürülmüş, qum və duz ehtiyatı tədarük edilmişdir.
Etibar Yolçıyev qeyd etmişdir ki, hazırda rayonun dövlət mənzil fonduna aid 384 ədəd çoxmərtəbəli yaşayış binasından 294-dü (76.6%), MTK-lara məxsus 50 yaşayış binasından 44-dü istiliklə təmin edilir. Digər 6 binanın istiliklə təmin olunmaması onların istismara qəbul edilməməsi ilə bağlıdır. Müqayisə üçün qeyd edək ki, 2005-2006-cı illərdə rayon ərazisində istiliklə təmin olunan binaların sayı 225 ədəd olduğu halda hazırda bu rəqəm 338-ə çatdırılmış ki, bu da 1,5 dəfə artım deməkdir.
Son illər müvafiq Dövlət Proqramlarının icrası nəticəsində rayonda fəaliyyət göstərən 35 məktəbdən 35-i (100%), 35 uşaq bağçasından 3-ündə istilik sistemi ümumiyyətlə olmadığından 32-si (91%), 11 səhiyyə obyektindən 11-i (100%) və 12 mədəniyyət obyektindən 9-u (75%) istiliklə təmin olunur. Bu sahədə sakinlərin müraciətlərinin operativ araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə RİH-də 452-49-58 nömrəli "Qaynar xətt", “Azəristiliktəchizat” ASC-də isə 956 “Çağrı mərkəzi” fəaliyyət göstərir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov, Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfael Mehralıyev, “Azəristiliktəchizat” ASC-nin şöbə müdiri Rafiq Əliyev ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtda qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlandığını, eyni zamanda mövsümlə bağlı tövsiyələrinin rayonlara paylanıldığını diqqətə çatdırıblar. Həmçinin, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinin görülməsi, yeni infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı xüsusi proqram hazırlandığını da bildiriblər. Natiqlər payız-qış mövsümündə, xüsusilə qeyri-sabit hava şəraitində rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışmasının, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatların müəyyənləşdirilməsinin, yollarda yağıntı sularını axıdan drenaj sistemlərinin işlək, kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikaların saz vəziyyətdə olmasının, kifayət qədər inventar, qum və duz tədarüklərinin görülməsinin və işçilər arasında xüsusi iş qrafikinin təsdiq olunmasının, sakinlərin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməməsi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
Şura iclasına yekun vuran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı işlərin müəyyən olunmuş qrafik üzrə aparıldığını, hazırlıqla bağlı rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüldüyünü, sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin yüksək səviyyədə həyata keçiriləcəyini diqqətə çatdırdı.