Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Ulu Öndər Heydər Əliyevi Anım gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

10 dekabr 2018 | 16:00

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi Anım günü münasibəti ilə “Dövlət və xalq üçün yaşanan ömür” mövzusunda konfrans keçirilmişdir.
Əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri, YAP Suraxanı Rayon Təşkilatının İdarə Heyətinin üzvləri, 3 mindən yuxarı ictimaiyyətin nümayəndələri və rayon ziyalıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdi. Sonra konfrans iştirakçıları Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Mərkəzdə təşkil olunmuş “Ulu Öndərin neft strategiyası” mövzusunda rayon məktəblilərinin hazırladıqları rəsmlərə, əl işlərinə, Ümummilli Liderin xatirəsinə həsr olunmuş Poçt markalarına və kitab sərgisinə baxdılar. Şagirdlərin və gənclərin Ulu Öndərlə bağlı çıxışlarını dinlədilər.
Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Dövlət və xalq üçün yaşanan ömür” filmi nümayiş olundu.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin  səsləndirilməsi ilə başladı.
Dünya miqyaslı siyasətçi, sağlığında əfsanəviləşən, haqq dünyasına qovuşduqdan sonra bu dünyanın fəlsəfəsinə, hikmət qaynağına çevrilən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, 12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinin anım günüdür. Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, Ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir. Ümummilli Liderin cismani yoxluğundan illər keçdikcə onun böyüklüyü və bitib-tükənməyən irsi daha dərindən dərk olunur, Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşir.
Tarix Heydər Əliyev yaratdı, Heydər Əliyev tarix yaratdı.
Ötən zaman kəsiyi göstərdi ki, Ulu Öndər Heydər Əliyevin həlledici bir məqamda hakimiyyətə gəlişi, Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə zəmin yaratdı.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında xidmətləri əvəzedilməzdir.
Azərbaycan dövlətçiliyinin yaradılması, bu dövlətçiliyin inkişaf modelinin qurulması istiqamətində Ulu Öndərin tarixi xidmətləri bütün dünyanın qəbul etdiyi, öyrəndiyi zəngin bir irsdir.
Azərbaycan xalqı fəxr edir ki, onun müasir tarixi, taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və yaratdığı ideyalarla birbaşa bağlı olmuş və xalqın müqəddəratında həlledici rol oynamışdır.
Xalqımız Ümummilli Liderə həm də ona görə minnətdardır ki, bütün həyatını, ömrünü-gününü müstəqil Azərbaycanın dirçəliş və tərəqqisinə sərf edərək yaratdığı ən möhtəşəm əsərini – memarı olduğu müstəqil Azərbaycanı etibarlı əllərə tapşırıb əbədiyyətə qovuşdu.
Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi inkişaf strtegiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla icra olunur. Heydər Əliyev siyasi kursunu müasir çağırışlar fonunda yeni keyfiyyətdə layiqincə davam etdirən, xəyalları gerçəkliyə çevirən, öz siyasi kredosunu xalqın xidmətçisi olmaqda görən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olmuşdur.
Cənab Prezidentlə çiyin-çiyinə çalışan, Onun ən yaxın silahdaşı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva dövlət səviyyəsində həyata keçirilən bu işlərdə xüsusi xidmətlər göstərərək irimiqyaslı   layihələri ilə   davamlı olaraq cəmiyyətə öz töhfəsini verir.
Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor, Cəfər Cəfərov qeyd etdi ki, bu günlər Respublikamızın hər yerində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir daha anılır. Bütün ömrü boyu Azərbaycanın inkişafı, Azərbaycan xalqının xoşbəxtliyi üçün çalışan Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu gününü - müasir Azərbaycanı yaratmışdır.
Ötən zaman kəsiyi göstərdi ki, Ulu Öndərin həlledici bir məqamda hakimiyyətə gəlişi, Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin daimi yaşamasına zəmin yaratdı.
Ulu Öndərin Azərbaycan təəssübkeşliyi nəticəsində 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində əsası qoyulmuş və inşa edilmiş müəssisələr Azərbaycanı yalnız aqrar ölkə və xammal bazası rolu oynayan müstəmləkə çərçivəsindən çıxaraq SSRİ-nin güclü iqtisadiyyata malik sənaye mərkəzlərindən birinə çevirmişdir. Görülən bu işlər Azərbaycançılığın formalaşmasının sosial-iqtisadi əsaslarını təşkil edən xidmətlərin bir nümunəsidir. Azərbaycançılıq məfkurəsinin mənəvi əsasını təşkil edən Azərbaycan dilinin 1978-ci ildə, Sovet İmperiyasının çiçəkləndiyi bir dövrdə qəbul edilmiş Konstitusiyada dövlət dili kimi təsbit edilməsi, Heydər Əliyev dühasının unikal nailiyyəti idi.
Bütün bunlar vətəndaş, şəxsiyyət və lider kimi Heydər Əliyevin dövlətçilik təfəkkürü və Azərbaycançılıq məfkurəsinə ən çətin dönəmlərdə də sadiq qalaraq Azərbaycanda milli mənlik şüurunun inkişafındakı xidmətlərinin bariz göstəricisidir.
2003-cü ildən bəri ötən zaman kəsiyi də Ümummilli Liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu Öndərin layiqli davamşıçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev istər övlad, istər rəhbər, istər sərkərdə kimi Heydər Əliyev ucalığının təcəssümüdür, ən ümdə xəyalları gerçəyə çevirən dövlət başçısıdır.
Heydər Əliyev siyasəti yaşayır və Azərbaycanın müstəqilliyini əbədi və dönməz edir.
Konfransda məruzə ilə çıxış edən tarix elmləri doktoru, professor Mais Əmrahov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev nadir insanlardandır ki, onda böyük uzaqgörənlik, məxsus olduğu insanlara, xalqa, torpağa böyük sədaqət hisslər var idi. Və o hisslər tamamilə onun vücudunda idi, varlığında idi. Heydər Əliyev yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Ədaləti, düzlüyü, səmimiyyəti, insani keyfiyyətləri xüsusilə qiymətləndirən, ona məna verən böyük şəxsiyyət idi. Ulu Öndərdə müqəddəs ideyalar, əməllər ətrafında insanları ətrafına yığmaq, öz arxasınca aparmaq qabiliyyəti var idi. Ona məxsus olan ən böyük keyfiyyətlərdən biri də səmimi olmaq idi. Ona görə də Ulu Öndər Heydər Əliyev ilk baxışda onunla təmasda, ünsiyyətdə olan insanları inandırır və onları doğru yola, düz yola istiqamətləndirməyi bacarırdı. Xalqa arxalanan, xalqı hər zaman öz arxasında görən, qəlbində Azərbaycan insanına məhəbbət olan rəhbər həmişə qalib olur.
Tədbirdə Milli Məclisin deputatı Ağacan Abiyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Ağsaqqallar Şurasının sədri, Suraxanı Maşınqayırma Zavodu” TASC İdarə Heyətinin sədri Arif Babayev çıxış etdilər.
Sonda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin ifasında ədəbi-bədii kompozisiya göstərildi.

 

Keçidlər