Suraxanıda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti altıncı tədbir keçirilmişdir
27.09.2013-cü il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 101 saylı tam orta ümumtəhsil məktəbində İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti altıncı tədbir keçirilmişdir.
80 nəfər sahibkarın iştirak etdiyi tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, İqtisadi İnkişaf Nazirliyinin şöbə müdirləri Zaur Qasımov və Sahib Məmmədov çıxış etmişlər.
Tədbir iştirakçıları üçün güzəştli kreditlərin verilməsi mexanizminə, kreditin alınması üçün tələb olunan sənədlərə, elektron qeydiyyat sistemi və onun üstünlüklərinə dair treninq keçirilmiş, müasir çörək zavodunun, müasir quş kəsimi fabrikinin və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri təqdim edilmişdir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 27 sahibkarlıq subyektinə 5 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 235 yeni iş yerinin yaradılması nəzərdə tutulur.