“Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Suraxanıda məktəblilərin təntənəli yolasalma mərasimi olmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə “Ölkəmizi tanıyaq” tur-aksiyaları təşkil olunur.
“Ölkəmizi tanıyaq” tur-aksiyaların növbəti mərhələsində 18 noyabr 2018-cil tarixdə Suraxanı məktəblilərinin Lənkəran-Masallı-Lerik istiqaməti üzrə təntənəli yolasalma mərasimi olmuşdur.
“Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Suraxanı rayon məktəbliləri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və önünə gül dəstələri düzdülər. Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə 9 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə, 20 min 254 nəfər iştirak edib. 10-cu tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan ümumilikdə, 3190 nəfər iştirak edir. Bununla da, “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 23 min 444 nəfər olur. “Ölkəmizi tanıyaq” tur-aksiyalarında 353 Suraxanı məktəblisi iştirak etmişdir. Daha 40 məktəbli 10-cu tur-aksiyada iştirak edəcəklər. Beləliklə, 393 rayon məktəblisi “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olacaq.
İlqar Abbasov qeyd etdi ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Səfər zamanı yolboyu görəcəyiniz yerlərdə, olacağınız rayonlarda ölkəmizdə gedən inkişafı, aparılan abadlıq-quruculuq işlərini, doğma vətənimizin günü-gündən gözəlləşməsini öz gözlərinizlə görəcəksiniz. Lənkəran-Masallı-Lerik istiqaməti üzrə səfər edəcək məktəblilərimizə bildirmək istəyirəm ki, bu bölgə sitrus bağları, çay plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Əminəm ki, Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabriki, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi, Viləşçay su anbarına ekskursiya şagirdlərimizin yaddaşında silinməz iz qoyacaq.
Rayon rəhbəri vurğulamışdır ki, müstəqilliyin ilk illərinin necə ağır keçdiyini orta və yaşlı nəsil yaxşı xatırlayır. Bir tərəfdən Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmişdi, soydaşlarımızın 1 milyona qədəri qaçqın və məcburi köçkünə çevrilmişdi, digər tərəfdən isə ənənəvi iqtisadi-ticarət əlaqələri pozulmuşdu, ölkəni iqtisadi və siyasi böhran bürümüşdü. Yalnız 1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıdandan sonra ölkə tədricən bu böhrandan çıxdı, ictimai-siyasi sabitlik, milli-vətəndaş birliyi yaradıldı və cəmiyyət həyatının bütün sahələrində yenidənqurmaya başlanıldı.
Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı olan cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi "Mən hər bir azərbaycanlının Prezidenti olacağam!” ifadəsi qısa müddətdə ona xalq arasında sonsuz inam və etibar qazandırdı. Elə bu səbəbdən 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyev yenidən inamlı qələbə qazandı.
Bu il oktyabrın 15-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 ili tamam oldu.
- Bu illər ərzində daxili ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, əhalinin təhlükəsizliyi, ölkənin əmin-amanlığını təmin edilmiş, vətəndaşların rifah halının yüksəlməsinə nail olunmuşdur.
- Azərbaycanın regional və beynəlxalq nüfuzu artmışdır.
-Müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisə fəaliyyətə başlamışdır.
- 1,9 milyon yeni iş yeri açılmışdır.
- İqtisadiyyat 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır.
- Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdır.
- Ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur.
- 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir.
- 2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılışı olmuşdur.
- "Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılmışdır.
- Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülmüşdür.
- Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da açılışı olmuşdur.
- 15 min kilometr yol çəkilmiş, 443 körpü inşa olunmuşdur.
- Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur.
- 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud əsaslı təmir edilmişdir.
- Ölkə vətəndaşlarının hər il pulsuz tibbi müayinəsi təşkil olunur.
-Məcburi köçkünlərin problemlərinin həlli sahəsində genişmiqyaslı işlər görülmüş, yeni salınmış 100-dən artıq qəsəbə və şəhərcikdə 265 min nəfər məskunlaşdırılmışdır.
- Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür.
- Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur.
- 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirmiş və qısa müddətdə iki min hektar ərazini düşməndən azad etmişdir. Cocuq Mərcanlı kəndi qısa müddət ərzində bərpa edilmiş, köçkünlər öz doğma yurdlarına qayıtmışlar.
- 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi düşməndən azad edilmiş, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürülmüşdür.
- 220-dən çox məscid, kilsə, sinaqoq tikilmiş və ya bərpa olunmuşdur.
- Gənclərin sosial, təhsil, karyera və mədəni inkişaf məsələlərinin həllini təmin etmək məqsədilə 3 dövlət proqramı təsdiq etmişdir.
- 43 Olimpiya İdman Kompleksi, xeyli sayda idman qurğuları, stadionlar və digər idman meydançaları tikilib istifadəyə verilmişdir.
İlqar Abbasov xüsusi qeyd etdi ki, dövlət səviyyəsində həyata keçirilən bu işlərə Heydər Əliyev Fondu güclü dəstək verir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirtdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin artırılmasına davamlı öz töhfəsini verir.
Yolasalma mərasimində Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının sədri Vüqar Seyidov, 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 2017-ci ildə Gəncə-Şəmkir-Göygöl istiqamətində tur-aksiyanın iştirakçısı Zeynəb Vəliyeva, 2017-ci ildə Naxçıvan Muxtar Respublikası istiqamətində tur-aksiyanın iştirakçısı, Dünya Ramazanova,valideyni Leyla Ramazanova, bu tur-aksiyanın Ayşən Məmmədova çıxış etdilər və şagirdlər üçün yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam etdi.
Tur-aksiyanın iştirakçıları Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, “Ölkəmizi tanıyaq” tur-aksiyaları haqqında filmi izlədilər.
Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Lənkəran-Masallı-Lerik istiqamətində yola düşdülər.