Suraxanı rayonunda növbəti səyyar görüş keçirilmişdir
20 sentyabr 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sakinlərlə növbəti səyyar görüşü olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə mütəmadi səyyar görüşləri keçirilir, onların təklif və rəyləri dinlənilir, qarşılaşdıqları problemlərin qısa zamanda aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Növbəti belə görüş Bülbülə qəsəbəsində Aşurbəyovlar küçəsində keçirilmişdir. Sakinlərlə keçirilən növbəti görüşə gələn rayon rəhbəri məlumat vermişdir ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqrami”na əsasən Suraxanı rayonunda 102 tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Suraxanı rayonu üzrə həyata keçiriləcək işlərə dair 48 bənddən ibarət əlavə tədbir nəzərdə tutulmuşdur. Dövlət Proqramı əsasında rayonda görülməsi nəzərdə tutulmuş işlərin icra vəziyyəti icraçı idarə və təşkilatların rəhbərlərinin iştirakı ilə mütəmadi müzakirə edilir, müşavirələr keçirilir, qarşıya çıxan problemlərin həlli yolları müəyyən olunur.
İlqar Abbasov qəsəbə sakinlərinin diqqətinə çatdırmışdır ki, Proqramda Bülbülə qəsəbəsi üzrə qaz kəmərlərinin yenidən qurulması, su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması, qəsəbədaxili yolların tikintisi və təmiri, neftlə çirklənmiş ərazilərin təmizlənməsi, müvafiq torpaq işlərinin görülməsi, ərazinin yaşıllaşdırılması və digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Bu işlərin bir qismi icra olunmuş, digərlərinin üzərində isə iş gedir.
Sakinlərlə görüşdə İlqar Abbasov xüsusi vurğulamışdır ki, qəbul edilmiş müxtəlif dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahələrində çox vacib və əsaslı sosial infrastruktur layihələri həyata keçirilmişdir.
Qəsəbə sakinləri Aşurbəyovlar küçəsində və məhəllədaxili yollarda aparılan abadlıq işlərinə görə minnətdarlıq etdilər, eyni zamanda bildirdilər ki, ötən əsrin əvvəllərində inşa olunmuş və istismar müddəti başa çatmış çoxlu sayda köhnə binaların dam örtüklərinin dəyişdirilməsinə, girişlərinin və balkonlarının təmir olunmasına ehtiyac var.
Səyyar görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli RİH rəhbərliyi tərəfindən nəzarətə götürüldü.
Rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
Görüşdə 100-ə yaxın sakin və RİH başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.