Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Dövlət Bayrağı Günü” münasibəti ilə silsilə tədbirlər keçirilir

08 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyi münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir, müxtəlif idman yarışları təşkil olunur. Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində rayon məktəblilərinin şeir və rəsm müsabiqələri təşkil olunur. Tədbirlərin təşkilində başlıca məqsəd şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, Azərbaycan Bayrağının mahiyyətinin təbliği və dövlət atributlarına sevgi və ehtiramı aşılamaqdır. Bayraq qürur yerimiz, dövlət rəmzimizdir, milli kimliyimizdir.
Keçirilən bütün tədbirlərdə vurğulanır ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilmiş, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılmışdır. 1995-ci ildə Ulu Öndərin rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Bu gün ölkəmizin şəhər və rayonlarda bayraq meydanlarında dövlət bayrağının təntənəli dalğalandığını görmək mümkündür. Belə yerlərdən biri də Suraxanı rayonunda Heydər Əliyev parkında yerləşən Bayraq meydanıdır. Dövlət Bayrağımız 4 may 2009-cu il tarixdən bu meydanda dalğalanaraq hər birimizi qürurlandırır. Dövlət Bayrağımız dalğalanaraq xalqımızda milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını daha da gücləndirir. Gün gələcək biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qüdrətli siyasəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.

Keçidlər