Suraxanı rayonunda Azərbaycan Bayrağı ordenli Əhməd Möhbalıyevin xatirəsi yad edilmişdir
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Bayrağı ordenli Əhməd Möhbalıyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı Rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin Elektron-Lektoriya zalında keçirilən tədbirin əvvəlində bir dəqiqəlik sükutla Əhməd Möhbalıyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etmişdir ki, keçmiş Sovet ordusunda hərbiçi olan Möhbalıyev Əhməd Süliddin oğlu 1992-ci ilin aprel ayında Vətənin dar günündə doğma Azərbaycana qayıdaraq yenicə formalaşmaqda olan Milli ordu sıralarında zabit kimi cəbhə xəttində yerləşən tank taborunda xidmətə başlamış, Şuşa, Laçın, Qubadlı, Tərtər, Ağdam rayonları uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmişdir. Döyüşlərdə 3 dəfə ağır yaralansa da sağalan kimi yenidən cəbhəyə qayıtmış və 25 iyun 1993-cü ildə Ağdam rayonunun Qızılı-Kəngərli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 1994-cü il tarixli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə (ölümündən sonra) təltif olunmuşdur.
Barxudar Barxudarov vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğı göstərir. Suraxanı rayonunda Azərbaycan Bayrağı ordenli Əhməd Möhbalıyevin adına rayonun Qaraçuxur qəsəbəsində küçə var. Rayonda həyata keçirilməsi nəzərdə tutulmuş yerli proqramlardan biri də “Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi” adlanır. Həmin proqrama əsasən ötən dövrdə 19 ünvanda 63 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov qeyd etmişdir ki, zaman-zaman Azərbaycan xalqına qarşı soyqırım siyasəti yürüdən ermənilər yenicə müstəqillik qazanmış ölkəmizə silahlı basqın etdilər, Qarabağ və onun ətraf rayonları dünya ictimaiyyətinin gözü qarşısında işğal edildi, minlərlə soydaşlarımız öz doğma yurdlarından vəhşicəsinə qovuldu, qətlə yetirildi, amansız işgəncələrə məruz qaldılar. Azərbaycanın oğul və qızları belə bir çətin siyasi, iqtisadi böhran şəraitində Vətənin müdafiəsinə qalxaraq erməni silahlı birləşmələri ilə qeyri-bərabər döyüşə girərək ölüm-dirim mübarizəsində göstərdikləri misilsiz qəhrəmanlıqlarla adlarını tarixin yaddaşına yazdılar. Belə döyüşçülərdən biri də Əhməd Möhbalıyev olmuşdur. Əhməd Möhbalıyevin həyat yolu hər bir gənc üçün örnəkdir. Əhməd Möhbalıyevin əziz xatirəsi həmişə Azərbaycanı sevən insanların qəlbində yaşayacaqdır.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, tədqiqatçı jurnalist Lalə Hüseynova, Səbail tank taburunun sabiq komandiri Hacı Əzimov, “Dədə Qordud” Milli Fondunun prezidenti Eldar İsmayılov, Əhməd Möhbalıyevin cəbhə yoldaşları çıxış edərək qeyd etdilər ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyada ən güclü 50 ordu sırasında yer tutur. 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirmiş və qısa müddətdə iki min hektar ərazini düşməndən azad etmişdir. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi düşməndən azad edilmiş, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürülmüşdür. Çıxış edənlər Əhməd Möhbalıyevin qəhrəmanlığından danışaraq, onun əziz xatirəsinin hər bir insanın qəlbində yaşayacağını, qəhrəmanlığının hər bir gənc üçün örnək olduğunu xüsusi qeyd etdilər. Əhməd Möhbalıyevin qardaşı Xaliq Möhbalıyev Vətənin azadlığı uğrunda şəhid olanlara, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən diqqət və qayğıya dörə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ailələri adından minnətdarlığını bildirdi.
Sonda “Dədə Qordud” Milli Fondunun Əhməd Möhbalıyevə (ölümündən sonra) “Həzi Aslanov” ordeni, həyat yoldaşına isə “Mehriban ana” ordeni təqdim edildi.