Suraxanı rayonunda abadlıq işləri geniş vüsət alır
Bakı, 11 oktyabr, AZƏRTAC
Bu gün respublikamızın hər yerində müşahidə edilən abadlıq-quruculuq işləri Suraxanıda da özünü qabarıq şəkildə büruzə verir. Mövcud potensialın səmərəli reallaşdırılması, əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi rayonun uğurlarını şərtləndirən əsas məqamlardır.
Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayonda son illər ərzində bir sıra sistemli, kompleks xarakterli layihələr hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı davamlı iş görülür.
Son illərdə dövlətimizin başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da iqtisadiyyatın dinamik surətdə inkişafı, insanların rifahının yaxşılaşması, sabitliyin möhkəmlənməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması ilə müşayiət olunub. Suraxanı rayonunda da yeni daimi iş yerlərinin açılması istiqamətində işlər uğurla davam etdirilir.
2018-ci ildə Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli proqramların iş qrafikinə uyğun olaraq “Nümunəvi abad məhəllələrin salınması”, “Mövcud parkların yenidən qurulması və yeni parkların salınması”, “Nümunəvi idman meydançalarının salınması”, “İctimai xeyir-şər evlərinin əsaslı təmiri və yenilərinin tikintisi”, “Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi” və “Xüsusi layihələr” proqramlarına uyğun olaraq cari ilin ötən dövrü ərzində bir sıra işlər həyata keçirilib.
Tədbirlər Planına uyğun olaraq rayon icra hakimiyyəti və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Hövsan və Qaraçuxur qəsəbələrində yerləşən 9 mərtəbəli yaşayış binalarının əsaslı təmirinə başlanılıb. 49 girişdən ibarət 14 ədəd doqquzmərtəbəli və 3 girişdən ibarət iki ədəd ikimərtəbəli yaşayış binasında əsaslı təmir işləri aparılır.
Təmir olunan binaların bir qısmi Qaraçuxur qəsəbəsinin Yeni Günəşli yaşayış sahəsində yerləşir. Yeni Günəşli “Q” yaşayış sahəsi 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 saylı binaların fasadı rənglənib, binaların girişlərində və pilləkən qəfəslərində zəbt olunmuş sahələr sökülərək iri qabaritli tullantılardan təmizlənib. Bütün girişlərin pilləkən qəfəsləri 1-ci mərtəbədən 9-cu mərtəbəyə qədər qaşınıb, matalanıb və torket olunaraq rənglənib, pilləkən qəfəsində Yeni Günəşli “Q” yaşayış sahəsi 7, 8, 9, 10 , 11 saylı binalarda – 189 ədəd, “V” yaşayış sahəsi 15 və 16-cı binalarda - 136 ədəd müxtəlif ölçülü yeni plastik pəncərə qoyulub. Girişlərdə kod açarlı dəmir qapılar quraşdırılıb, binaların girişlərində pilləkənlər aqlay daşla üzlənib.
Əsaslı təmir işləri başlayandan bəri rayon üzrə binaların fasad hissəsində 24000 kvadratmetr sahə mata ilə torket olunub və 43500 kvadratmetr sahə ikiqat emulsiya ilə rənglənib, binaların girişlərində kod açarlı 64 ədəd dəmir qapı quraşdırılıb. Girişlərdə 767 p/m pilləkən aqlay daşla üzlənib, 41 giriş və pilləkən qəfəsində 33226 kvadratmetr sahə rənglənib, pilləkən qəfəsində 402 ədəd müxtəlif ölçülü yeni plastik pəncərə qoyulub. Binaların kürsü və fasadında ehtiyac olan hissələrə 1500 kvadrat metrə suvaq vurulub. Təmir olunmuş bloklarda elektrik şitləri və məhəccərlər də rənglənıb. Həyətlərə asfalt örtüyünün salınmasına başlanılıb.
Əhalinin mədəni istirahətinin təşkili məqsədilə həyətlərdə söhbətgahlar və oturacaqlar, gənclərin vaxtlarını səmərəli keçirmələri, həmçinin sağlam və gümrah inkişafı üçün müxtəlif növ idman avadanlıqları, uşaqların əylənməsi üçün yelləncəklər, sürüşkənlər quraşdırılıb.