Suraxanıda Bilik Günü münasibəti ilə tədbir keçirilmişdir
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bilik Günü və yeni dərs ilinin başlanması münasibəti ilə aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən, qəyyumluqda olan uşaqlara məktəbli ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məktəbliləri və onların valideynlərini təbrik etmiş və şagirdlərə yeni dərs ilində uğurlar arzulamışdır. Natiq bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İlqar Abbasov çıxışında dövlətin təhsil sahəsinə göstərdiyi qayğıdan ətraflı danışmış, gənc nəslin təhsil alması, cəmiyyətdə savadlı, dünyagörüşlü vətəndaşlar kimi formalaşmasına dövlətimizin xüsusi diqqətlə yanaşdığı məsələ olduğunu qeyd etmişdir. Bildirmişdir ki, Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədilə Bülbülədə olarkən keçirdiyi görüş zamanı qəsəbə sakinləri burada yeni məktəbə ehtiyac olduğunu bildirmişdilər. Dövlət başçısı elə həmin gün Bülbülə qəsəbəsində 640 şagird yerlik ümumtəhsil məktəbinin binasının tikintisinə başlamaq haqqında sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb binasının inşasına başlanılmış və cənab Prezidentin tapşırığına uyğun olaraq 327 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilmiş və keçən tədris ilində - 15 sentyabr 2012-ci ildə şagirdlərin istifadəsinə verilmişdir.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonda həyata keçirilən tədbirlər nəticəsində 12 məktəb əsaslı təmir olunmuşdur. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planı”na əsasən hazırda 5 təhsil müəssisəsində əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Natiq xüsusi vurğulamışdır ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.
Tədbirdə çıxış edən valideynlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda bir qurup aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən, qəyyumluqda olan uşaqlara məktəb ləvazimatları və çantalar verilmişdir.