Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda dini ekstremizmə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri keçirilib

03 sentyabr 2018 | 16:00

3 sentyabr 2018-ci il tarixdə Bakı şəhərinin Suraxanı, Xəzər, Sabunçu və Pirallahı rayon icra hakimiyyətləri, Daxili İşlər və Ədliyyə nazirlikləri, Respublika Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərlərinin iştirakı ilə Suraxanı rayonunda  “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini ekstremizm” mövzusunda seminar-müşavirə  keçirilmişdir. Seminar-müşavirənin iştirakçıları  əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
  Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Oktay Tağıyev və Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının fəalları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, təhsil işçiləri, mənzil-kommunal sahəsinin rəhbərləri, rayonda yaşayan və işləyən fəal gənclər, din xadimləri, ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbiri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  giriş sözü ilə açaraq qeyd etdi ki, müstəqillik  əldə etdikdən sonra respublikamızda vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscid və kilsələrin fəaliyyətinə rəsmən icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib, insan şəxsiyyətinə və insanlıq prinsiplərinə zidd olan dini baxışlar qadağan edilib.
Azərbaycan özünü dünyavi dövlət olduğunu müstəqilliyin ilk günündən bəyan edib və bu prinsiplərə həmişə sadiq qalaraq, bərqərar olunmuş sabitliyin qorunması, vətəndaşlarımızın təhlükəsiz və  sağlam cəmiyyətdə yaşaması üçün zəruri tədbirlər görür.
Hazırda qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyətlər üçün bir bəlaya çevrilməkdədir. Bunun qarşısını vaxtında almaq ən vacib məsələrdən biridir.
  Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə çıxış edərək bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətlərini, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdlərini qətiyyətlə pislədi. Tədbir iştirakçılarına bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri barədə geniş məlumat verdi.
  Səyavuş Heydərov din pərdəsi adı altında aparılan münaqişələrə diqqəti çəkərək bildirdi ki, Azərbaycan bu gün dünyaya təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib. Artıq dünya birliyi Azərbaycanı tolerantlıq nümunəsi kimi görür.
   Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Pənah Cahangirov, Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin  şöbə rəisi Oktay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev çıxış edərək ölkəmizdəki multikultural və tolerant mühitinin təməlində azərbaycançılıq ideologiyasının dayandığını bildirdilər. Çıxış edənlər diqqətə çatdırdılar ki, bu gün  ölkə başçısı cənab  İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib.  Qeyd edildi ki, dini ekstremizmə və radikalizmə qarşı mübarizə ümumbəşəri xarakter daşıyır. Bu gün bəzi qüvvələr terroru dinlə əlaqələndirməyə cəhd göstərirlər.
Çıxış edənlər vurğuladılar ki, dini ekstremizmə və radikalizmə qarşı mübarizə daha ciddi şəkildə davam etdirilməlidir. Burada kütləvi informasiya vasitələrinin, təhsil ocaqlarının üzərinə də böyük vəzifələr düşür. Biz cəmiyyət içərisində hərtərəfli təşviqat işlərini gücləndirməliyik ki, Azərbaycanda ekstremist və radikal qruplar meydana gəlməsin.
  Tədbirdə müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib. Ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyi vurğulandı.
Tədbirin sonunda yekun sözü söyləyən rayon  İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, dini radikalizmə qarşı mübarizəni tək inzibati metodlarla məhtudlaşdırmaq düzgün olmaz. Burada ictimaiyyətin rolu çox  böyükdür. Bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir, xüsusən gənclər və yeniyetmələr arasında.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Respublikamızda hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində mühüm işlər həyata keçirildi, müasir, dünyavi və xalqına güvənən dövlət quruculuğuna başlanıldı. Bununla bərabər vətəndaşlarımızın vicdan azadlığı, dini etiqad azadlığının etibarlı təmin olunması  üçün təxirəsalınmaz tədbirlər görülərək cəmiyyətimizin mənəvi dəyərlərinin inkişafına dövlət tərəfindən dəstək verildi. Dini ibadət yerlərimizin bərpası, dini kadrların yetişdirilməsi, İslam dininin üzərində olan qadağaların götürülməsi istiqamətində tarixi addımlar atıldı və ölkəmizdə dini toleranrlıq ənənələri inkişaf etməyə başladı, multikultural dəyərlər mənəvi xəzinəmizin bir hissəsi kimi önə çıxarıldı.
Dini dəyərlərin yüksək qiymətləndirilərək inkişaf etdirilməsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursuna uyğun, dünya təcrübəsi nəzərə alınmaqla, milli mənafeyimiz qorunmaqla davam etdirilir. Milli-mənəvi, o cümlədən dini dəyərlərin zənginləşdirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə göstərdiyi əvəzsiz xidmətlər ona olan xalq sevgisini, hörmətini daha da artırır.
Tədbirdə çoxsaylı suallar cavablandırıldı, verilən suallara  və qaldirilan məsələlərə aydınlıq gətirildi.

Keçidlər